BAKI, 29 iyun — Sputnik. Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirib. Bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov məlumat verib.
Yadigar Muradov bildirib ki, teatr bu gün şəhərin "Tut bağı" adlanan ərazisində M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasını səhnəyə qoyub. Tamaşanın rejissoru Loğman Kərimovdur.
Şuşa Dövlət Musiqili Dram Teatrı uzun illər sonra Şuşada tamaşa nümayiş etdirib
© Photo : courtesy of İrada Gadirova
Tədbir Mədəniyyət Nazirliyi və "Araz Supermarketlər" şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Mədəniyyət ocağına Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb.
Şuşa Dövlət Musiqili Dram Teatrı uzun illər sonra Şuşada tamaşa nümayiş etdirib
© Photo : courtesy of İrada Gadirova
Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər.
Azərbaycan Nazirlər Kabineti 1990-cı il 11 may tarixində mədəniyyət ocağının bərpa olunması barədə qərar verib. Mədəniyyət Nazirliyi 1992-ci il mayın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa edib.
Şuşa Dövlət Musiqili Dram Teatrı uzun illər sonra Şuşada tamaşa nümayiş etdirib
© Photo : courtesy of İrada Gadirova
1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Teatr 1993-cu il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsərini səhnəyə qoyub.
Şuşa teatrı hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir.