CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlərin son ümid yeri: Əmək yarmarkalarına elə vakansiyalar çıxarılır ki...

Sahib Məmmədov deyir ki, əmək yarmarkalarına çıxardılan vakansiyalar əvvəldən uğursuzluğa düçardır.
Sputnik
BAKI, 29 iyun — Sputnik. Azərbaycanın müxtəlif bölgələrində may ayından başlayaraq əmək yarmarkaları keçirilir. Lənkəran, Qəbələ, Şamaxı şəhərlərində təşkil olunan yarmarkaların məqsədi işsiz vətəndaşlara iş tapmaqda kömək etməkdir. Belə yarmarkalarda işaxtaran və işsiz şəxslər yaşadıqları ərazi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə edə bilirlər. İşsiz şəxslərin son ümid yerləri bu cür əmək birjaları olsa da, əksər hallarda işaxtaranlar oradan "əli ətəyindən uzun" geri dönürlər.
Həmsöhbətimiz Gülnar Səfərova da bir neçə dəfə təşkil olunan əmək yarmarkasında iştirak edib. 45 yaşlı həmsöhbətimiz deyir ki, hələ heç bir yarmakada özünə iş tapa bilməyib. Onun sözlərinə görə, yarmarkalara çıxardılan vakansiyaların çoxunda əməkhaqqı çox aşağı olur:
"Əməkhaqqı o qədər aşağı olur ki, o məbləğə işləmək sərf etmir. Alacağın əməkhaqqının bir hissəsini də yola xərcləyəcəyini nəzərə aldıqda, işdən könüllü imtina edirsən. Bəzi iş yerlərində isə yaş məhdudiyyəti var".
Həmsöhbətimiz deyir ki, əmək yarmarkalarına çox vaxt işəgötürənlər elə vakansiya ilə gəlir ki, o işdə işləmək üçün uzun təcrübə tələb olunur. Odur ki, G.Səfərova əmək birjalarında iş axtarmaqdansa, müxtəlif saytlarda iş elanlarını izləməyin daha faydalı olduğunu bildirir.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əmək yarmarkalarına çıxarılan vakansiyalar əvvəldən uğursuzluğa düçardır. Bəzən işsiz insanlar əlacsızlıqdan əmək yarmarkalarına çıxardılan işləri qəbul etsələr də, sonra görürlər ki, aldıqları əmək haqqının yarıdan çoxunu yola xərcləyirlər:
"Əmək yarmarkalarına çıxardılan iş yerlərinin çoxunda əməkhaqqı aşağı olur. Yarmarkalara çıxarılan işlərə müraciət edən vətəndaşlara cavab verilir ki, hələlik həmin vakansiya üzrə işçiyə ehtiyac yoxdur, ehtiyac yarandıqda onlarla əlaqə saxlanılacaq. Bəzi hallarda isə işəgötürənlə işə müraciət edən arasında şifahi söhbət zamanı uyğunsuzluq yaranır. Məlum olur ki, iş üçün müraciət edən şəxsin peşə bilikləri yoxdur. Nəticədə o göndəriş havadan asılı qalır".
S. Məmmədov deyir ki, bu cür hallara görə, əmək yarmarkalarını təşkil edən Dövlət Məşğulluq Agentliyini günahkar çıxarmaq olmaz. Çünki, onlar əllərində olan vakansiyanı yarmarkaya çıxarırlar. Ümid edirlər ki, bu yarmarkalarda bir neçə faiz işsiz özünə iş tapa biləcək.
Liqa rəhbərinin fikrincə, yüksək əməkhaqqı olan işlərə yüksək peşəkarlığa malik şəxslər götürülür. Belə vakansiyalara işçilər başqa üsulla axtarılır.
Həmsöhbətimiz hesab edir ki, əmək yarmarkası mexanizmi çox köhnəlib. Məşğulluq Haqqında qanuna görə, alt sistem yaradılır. İşəgötürənlə işçinin oflayn təmasını yaratmaq istəyirlər.
"Əmək yarmarkalarına bəzən elə vakansiyalar çıxardılır ki, orada işləməkdənsə, kənddə yaşayan insanın öz təsərrüfatına qulluq etməsi daha sərfəli olur. İşsiz vətəndaş görür ki, 300 manat işə görə rayon mərkəzinə gedib-gəlməkdənsə, öz mal-qarasına baxıb daha çox qazanmaq şansı var. Ona görə də belə işlərin yarmarkalara çıxardılmasının bir əhəmiyyəti qalmır", - deyə S.Məmmədov bildirib.
O, hazırda ölkəmizdə rəsmi işsizlik statistikasının reallığı əks etdirmədiyini, işsiz şəxslərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu söyləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi isə əmək yarmarkalarına çıxarılan iş yerlərinin işsizliyin aradan qaldırılması üçün nə qədər effektiv olduğu barədə sualımızı cavablandırmayıb.
Azərbaycanda rəsmi olaraq nə qədər işsiz var?
Dövlət Statistika Komitəsinin bu ilin yanvar ayının 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 303,9 min nəfər olub, onlardan 4 milyon 988,2 min nəfərini məşğul əhali təşkil edib. 2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1673,4 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 7,4 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,5 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.2021-ci il dekabrın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 302,4 min nəfər olmuş, onlardan 4 milyon 986,6 min nəfərini məşğul əhali təşkil etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
İşsiz vətəndaşlar, bu dəfə dövlət qurumları sizi axtaracaq