BAKI, 29 iyun — Sputnik. Bu gündən etibarən Bakının 14 parkında göstərilən "İctimai Wi-Fi" xidməti dayandırılır.
"Baktelecom"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, operatorun göstərdiyi xidmətlərin optimallaşdırılması məqsədilə "İctimai Wi-Fi" xidmətinin mövcud olduğu ərazilərdə müştərilərin xidmətdən istifadəsi üzrə monitorinq işləri aparılıb.
Monitorinqin nəticələrinə əsasən, daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, digər ərazilərdə bu gündən etibarən xidmətin dayandırılmasına qərar verilib.
"İctimai Wi-Fi" xidməti paytaxtın "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun, Qış parkının, Sabir bağının, Xaqani bağının, Axundov bağının, Zabitlər parkının, Hüseyn Cavid parkının, Dədə Qorqud parkının, İzmir parkının, Sahil bağının, Səməd Vurğun bağının, Muğan bağının, "Fashion Avenue" küçəsinin ərazisində və Beynəlxalq Avtovağzalın perronunda dayandırılıb.
Eyni zamanda, Dənizkənarı Milli Parkda (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri), Dövlət Bayrağı Meydanında (Su İdmanı Sarayına qədər) və Heydər Əliyev Mərkəzinin parkında göstərilən "İctimai Wi-Fi" xidmətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.