RUSİYA

ABŞ-ın özü sanksiyalardan əziyyət çəkir, qlobal böhran kəskinləşir - Antonov

Səfir bildirib ki, Amerika hakimiyyətinin hərəkətləri xaos və çaxnaşmaya səbəb olur. Dünyada işgüzar fəallığın azalması, nəqliyyat, logistika zəncirlərinin dağıdılması, biznesin və əhalinin real gəlirlərinin azalması müşahidə olunur.
Sputnik
BAKI, 29 iyun — Sputnik. ABŞ və müttəfiqlərinin Rusiya ilə iqtisadi əlaqələrini kəsməsi qlobal iqtisadiyyatdakı böhranı son həddə çatdırıb.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bu barədə Telegram kanalında danışıb.
"Hər yerdə işgüzar aktivliyin azalması, nəqliyyat və logistika zəncirlərinin məhv edilməsi, investisiya axınının azalması, əmək bazarında problemlər, biznesin və əhalinin real gəlirlərinin azalması müşahidə olunur", - deyə Antonov bildirib. Rusiya diplomatik nümayəndəliyi onun bu sözlərini ictimaiyyətə təqdim edib.
Beləliklə, diplomat Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara reaksiya verib. Digər məsələlərlə yanaşı, sanksiyalar, Rusiya qızılının idxalına və hərbi-sənaye kompleksi müəssisələrinə də təsir edib.
Antonov ABŞ-ın özünün Rusiya əleyhinə qadağalardan əziyyət çəkdiyinə diqqət çəkib. Ölkədə istehlak qiymətlərinin artımı son 40 ildə antirekordu yeniləyib. Vaşinqtonun tərəfdaşları isə getdikcə başqa valyutada hesablaşmalara keçid variantlarını araşdırırlar.
"Bazarlar görür ki, Amerika hakimiyyətinin hərəkətləri gözlənilməzdir, onlar xaos və çaxnaşmaya səbəb olur. Yerli sənaye qlobal iqtisadiyyatda mühüm rol oynayır. Qızıl və sənaye ixracının dövriyyəsi də daxil olmaqla yeni maneələr bütün iqtisadiyyatlar üçün müəyyən edilmiş oyun qaydalarını pozur", - deyə səfir vurğulayıb.
O, həmçinin, qeyd edib ki, Rusiyaya qarşı məhdudiyyətlər dalğası qlobal ərzaq təhlükəsizliyi böhranına təkan verib.
"Bunun əsas səbəbləri bir sıra inkişaf etmiş ölkələrin savadsız makroiqtisadi addımları, iqlim dəyişikliyi, COVID-19 pandemiyasıdır. Vəziyyətdən çıxış yolu yalnız taxıl və gübrələrin, o cümlədən Rusiya istehsalının dünya bazarlarına sərbəst çıxışını təmin etməklə mümkündür," – deyə Antonov sözünü yekunlaşdırıb.