BAKI, 28 iyun — Sputnik. Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarəti üçün yola düşəcək. Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. V. Cahangirli bildirib ki, təyyarə sabah saat 12:30-da Bakıdan Ciddəyə uçacaq. Onun sözlərinə görə, həmin təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.
Vüsal Cahangiri deyib ki, Azərbaycandan ilk olaraq 180 zəvvar olmaqla, ümumilikdə 680 zəvvar ziyarət edəcək: " Ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanımdır, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir".
Vüsal Cahangiri bildirib ki, yaş məhdudiyyəti ilə bağlı bu il Həccə müraciətlərin sayında azalma müşahidə olunmayıb.
Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.