CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri: Dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaranacaq

Parlamentdə bu ilin dövlət büdcəsinə yenidən baxılır. Büdcə gəlirlərinin 2 milyard 381 milyon manat artırılması təklif edilir
Sputnik
BAKI, 28 iyun - Sputnik. Milli Məclisin növbədənkənar iclasında cari ilin büdcəsinə yenidən baxılır.
İclasda İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər ilə bağlı çıxış edib.
Bildirilib ki, qanun layihəsinə dair izahatda 2022-ci ildə dövlətin müdafiəsinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, sosial qayğının artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra zəruri tədbirlərin dövlət qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib.
O, bildirib ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən büdcə gəlirlərinin 26 milyard 816 milyon, xərclərinin 29 milyard 879 milyon, kəsirinin isə 3 milyard 63 milyon manat olması planlaşdırılmışdı. Eyni zamanda, 2022-ci ildə Ümumi Daxili Məhsulun real artım tempinin 3.9%, inflyasiyanın orta illik səviyyəsinin 4%, orta aylıq əmək haqqının artım tempinin isə 8.7% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilmişdi.
Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və geoiqtisadi siyasətin nəticəsi olaraq bu ilin 5 ayı ərzində ölkə iqtisadiyyatı bütün sahələrdə mühüm iqtisadi artım nümayiş etdirib, ixracdan əldə olunan valyuta gəlirlərinin səviyyəsi əhəmiyyətli dərəcədə artıb: "Belə ki, 2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2%, qeyri-neft sahəsində ÜDM 11% artım nümayiş etdirilib, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in həcmi 25 milyard manatı keçib, qeyri-neft ixracı isə bu ilin 4 ayı ərzində 38,5% artıb. Bu ilin birinci rübü ərzində ilk dəfə olaraq qaz ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə edilən valyuta gəlirlərinə yaxınlaşıb. Bu müddət ərzində neft ixracından 3.8 milyard dollar, qaz ixracından isə 3.5 milyard dollar valyuta gəlirləri əldə edilib. Qeyd olunub ki, bu artımlar son 12 ilin ən böyük artımlarıdır. Həmçinin, göstərilən müddət ərzində orta aylıq əmək haqları 14,2% artıb, inflyasiyasının orta illik göstəricisi 12.6%, "Azerlight" markalı neftin 1 barelinin qiyməti isə 106 dollar olub".
Diqqətə çatdırılıb ki, 2022-ci ilin beş ayı ərzində dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən, dövlət büdcəsinin gəlirləri proqnozdan 1.2 milyard manat və ya 10.8% çox yerinə yetirilib. Bu müddətdə dövlət büdcəsinin xərcləri proqnozdan 70 milyon manat və ya 0.7% çox icra edilib. Bu dövrdə dövlət büdcəsində 1 milyard 992,4 milyon manat profisit yaranıb ki, bu da proqnozdan 2,4 dəfə çoxdur. Bütün bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi üçün real zəmin yaradıb.
Tahir Mirkişili bildirib ki, təqdim edilmiş layihədə 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon manat, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif edilir. Qeyd olunub ki, dövlət büdcəsinə dəyişikliklər layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.