CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır

Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq
Sputnik
BAKI, 28 iyun - Sputnik. Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunlarda dəyişikliklər müzakirə edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, sənədə əsasən, Fondun gəlirlərinin və xərclərinin bərabər olmaqla, 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi tövsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırlıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönəldiləcək.
Sonra komitə sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə danışıb. Qeyd edilib ki, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib. Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 606 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 300 milyon manat və ya 5,6 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181 milyon manat təşkil edəcək, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1 milyon manat və ya 0,6 faiz çoxdur.
Dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.