BAKI, 27 iyun — Sputnik. Eşitmə məhdudiyyətli insanlarla hər yerdə qarşılaşmaq mümkündür. Onlarla eşitmədiklərinə və danışa bilmədiklərinə görə ünsiyyət qurmaq çətin olur. Beləliklə, həmin insanlar cəmiyyətdə müəyyən çətinliklərlə çox üzləşirlər.
Aida Səfərova
© Photo : courtesy of Aida Safarova
Müsahibimiz Aida Səfərova eşitmə məhdudiyyətli insanları cəmiyyətə tanıtmaq, onların dilini hər kəsə öyrətmək üçün öz bilik və bacarığını sərf edən sadə bir ibtidai sinif müəllimidir.
Sputnik Azərbaycan-a müsahibəsində müəllim məhz eşidə və danışa bilməyən insanlarla necə ünsiyyət qurmaq lazım gəldiyinə aydınlıq gətirib.
- Sizi necə təqdim edək? Hazırda öz ixtisasınız üzrə işləyirsinizmi?
- On ildən artıq öz ixtisasım üzrə pedaqoq işləmişəm. Yaşadığım əraziyə yaxın yaşayan məktəblilərin əksəriyyətinin demək olar ki, ilk müəllimi mən olmuşam. Bu uşaqları məktəbə mən hazırlaşdırmışam. Müəllimlik fəaliyyətim dövründə də çoxlu uğurlara nail olmuşam. Lakin hazırda çox sevdiyim peşəmə bir az fasilə vermişəm. Çünki QHT sədri kimi fəaliyyət göstərməyim, layihələrim mənim müəllimlik işimi bir qədər arxa plana keçirib.
- Uşaqları fərdi qaydada, hər-hansı bir özəl qaydada, yoxsa dövlət məktəbində hazırlaşdırırdınız?
- Bir neçə özəl tədris kurslarında çalışmışam. Hətta bir özəl tədris mərkəzində icraçı direktor vəzifəsində də çalışmışam. Bundan savayı bir neçə psixoloji mərkəzdə fəaliyyət göstərmişəm. Bütün bunlarla yanaşı evdə də uşaqları məktəbə hazırlaşdırmışam.
- Bildiyim qədər ailənizdə eşitmə məhdudiyyətli şəxs var. Onunla ailədə ünsiyyət zamanı hansı problemlə üzləşirdiniz? Belə insanların cəmiyyətlə problemlər yaşamaması üçün hansı işlər görmüsünüz?
Aida Səfərova
© Photo : courtesy of Aida Safarova
- Bəli, ailəmizdə eşitmə məhdudiyyətli şəxs var. Elə bir çətinliyimiz olmayıb. Belə deyim - iki tip işarət dili olur. Biri ailənin özünə məxsus danışdığı jest dili, digəri də elmi jestika dili. Yəni ailədə böyüyən eşitmə məhdudiyyətli uşaq böyüyüb məktəbə qədəm qoyan günə qədər, həmin ailə öz bildiyi tərzdə, öz işarət dili ilə onunla danışır. Artıq eşitmə məhdudiyyətli uşaq məktəbdə elmi işarət dilini öyrənir. Bu uşaqlardan da bəziləri elmi jest dilini evində öz ailə üzvlərini öyrətməyə başlayır. Amma elə ailələr də var ki, ailədə olan eşitmə məhdudiyyətli uşaqdan başqa ailə üzvlərindən kimsə elmi jest dilini bilmir. Məhz bu sahədə olan çətinliklər, bu sahədə olan mütəxəssis və metodik vəsaitlərin çatışmazlığı məni bu sahəyə gətirdi. Ailədə qardaşıma dəstək olmaq üçün bu işə başladım və getdikcə bu sahədə olan çətinlikləri, çatışmazlıqları görüb nəzərə aldım. Düşündüm ki, bu sahədə mütəxəssisə daha çox ehtiyac var. Onsuz da digər sahələrdə ixtisaslı kadrlar çoxdur. Yəni bizə ehtiyac olan sahəni dirçəltmək lazımdır. Ona görə öz ixtisasım üzrə fəaliyyətimi qismən dayandırıb bu sahəyə üz tutmalı oldum. Deyim ki, bu işə təzə başlayanda hər iki işimi paralel şəkildə idarə edə bilirdim. Sonradan bu sahədə işimin çoxluğu uşaqlara dərs deməkdə maneələr yaratmağa başladı. Buna görə də öz diqqətimi məhz jestika dili ilə məşğuliyyətə yönləndirdim və eşitmə məhdudiyyətlilərə dəstək olmaq üçün layihələrimi bu sahədə davam etdirdim. Eşitmə məhdudiyyətli uşaqların özləri ilə, onların valideynləri ilə görüşlərimiz olub. Rəhbərlik etdiyim QHT-də qismən də olaraq bu sahədə olan problemlərin həllinə nail olmuşuq. Düşündüm ki, eşitmə məhdudiyyətli uşaqlara bu sahədə daha çox dəstək lazımdır. Onların dilini daha çox təbliğ etmək, daha çox öyrənmək lazımdır.
- İşinizdə hansı vəsaitlərdən, ədəbiyyatdan istifadə edirsiniz?
Metodik vəsait çatışmazlığını, azlığını da nəzərə alaraq bu yaxınlarda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkilatımız müəllifi olduğum "Jestlər aləminə səyahət" adlı kitabı çap etdirdi. Bu kitab sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərdə paylanıldı. Bu cür kitablara həm müəllimlərin, həm də şagirdlərin çox ehtiyacı var idi. Sözsüz ki, bu kitabın nəşri başlanğıcdır və bundan sonra da olacaq. Bu kitabın nəşri belə deyim, bizim üçün bir mənbədir. Sonrakı dövrlərdə bu kitabın digər nəşrlərini də çap etdirəcəyik.
Aida Səfərova
© Photo : courtesy of Aida Safarova
- Aida xanım, hazırda ailənizdə sizdən savayı elmi jestika dilini bilən varmı? Bilən varsa, hansı səviyyədə bilir?
- Ailəmizdə jest dilini elmi səviyyədə kiçik bacım bilir. O da yeni ailə qurub deyə layihələrimizə hələ ki, qoşulmur.
- Siz özünüz işarət dilini haradan öyrəndiniz və indiki bilik səviyyənizə çatana qədər nə qədər vaxt sərf etdiniz?
- Jest dilini öyrənmək insanın mənimsəmə qabiliyyətindən asılıdır. Digər dillərdə olduğu kimi İşarət dili də ünsiyyət tələb edir. Yəni ünsiyyət olan yerdə bütün dillər daha çox mənimsənilir. Tədqiqatçıların araşdırmalarına əsasən, əgər kimsə jest dilini bilirsə digər dilləri də asanlıqla öyrənə bilir. Jest dilini 3 aya da, 6 aya da öyrənmək olar. Söhbət əgər peşəkar səviyyədə bilməkdən gedirsə, bunun üçün illərlə vaxt sərf oluna bilər. Mən özüm öyrənmişəm. Yəni, dediyim kimi, Azərbaycanda heç bir ali təhsil ocağında işarət dili fakültəsi yoxdur ki, gedib orada bu dil üzrə təhsil alasan. Bu sahədə mütəxəssislər azlıq təşkil edir. Elə bir mütəxəssis yoxdur ki, məsələn, deyək ki, jest dilini ondan öyrəndik. Mən jest dilindən danışanların özlərindən bu dili öyrənmişəm. Qardaşımla ünsiyyətdə olaraq bu dilə yiyələnmişəm, digər eşitmə məhdudiyyətli şəxslərin arasında olmuşam, onlarla ünsiyyətdə olduqda özləri öz dillərini mənə öyrədiblər. Digər ölkələrdən jest dilinin metodik vəsaitini əldə etmişəm. Rus dilli xalqların işarət dili ilə Azərbaycan jestikası ilə jestlər demək olar ki, 80% eynilik təşkil edir. Odur ki, sosial şəbəkə vasitəsi ilə rus dilli mütəxəssislərlə əlaqə yaratmışam, onlardan video dərslər əldə etdim və beləcə jest dilini təkmilləşdirdim.
- Aida xanım, siz jest dilini həm tədris və həm də təbliğ edirsiniz?
- Bəli, jest dilində təlimlərimiz olub. ADA Universitetində 3 aylıq layihəmiz olub. Layihəyə əsasən jest dili təlimi keçmişik. Bundan savayı, ölkənin digər adlı-sanlı ali təhsil müəssisələrində təlimlərimiz olub. Hətta sərt karantin rejimi dövründə də onlayn şəkildə təlimlərimiz olub. Jest dilinin tədrisi üçün bizi dəvət də ediblər. Bu yaxınlarda ASAN Xidmət könüllüləri ilə jest dili təlimi keçdim. Jest dili təlimi çox olub və həm də Jest dilinin təbliği ilə məşğul oluram.
Aida Səfərova
© Photo : courtesy of Aida Safarova
- Siz hər-hansı bir universitetə yaxud Təhsil Nazirliyinə eşitmə məhdudiyyətli şəxslərin ali təhsil almaqlarından ötrü proqramın yaradılması üçün müraciət etmisinizmi?
- Bu məsələ bizim nəzərimizdədir. Pedaqoji Universitetdə Defektologiya fakültəsi var, orada surdoloji dərslər keçirilir. Orada loqopedlərə jest dilinin öyrənilməsinə ehtiyacları olur. Bu zaman loqopedlərin əkəsriyyətləri işarət dilini harada öyrənmək lazım olduğunu bizdən soruşurlar. Bildiyim qədər, defektoloqlar eşitmə məhdudiyyətli insanlarla işlədiklərinə görə onlara da jest dili lazım olur. Mən də bu günə kimi bacardığım köməkliyi göstərmişəm. Milli Məclisdə Qənirə xanım Paşayevanın qəbulunda olmuşdum və bizim təşkilatın gördüyü işlər, layihələrimiz, uğurlarımız haqqında, eləcə də eşitmə məhdudiyyətlilərin problemləri barədə məlumatı millət vəkilinə çatdırdıq. Qənirə xanım özü mənə hansı problemlərimizin olduğundan xəbərdar olduğunu dedi. Millət vəkili məhz universitetlərdə jest dili fakultəsinin olmamasına da toxundu və bundan xəbərdar olduğunu vurğuladı. Mən də öz növbəmdə deputatdan xahiş etdim ki, Milli Məclisdə universitetlərdə jest dilinin tədris olunması məsələsini qaldırsın. Qənirə xanım da özü məsələnin diqqətə aldığını və müzakirə etməyə çalışacaqlarını bildirdi. Mən inanıram ki, bu məsələ yaxın zamanda öz həllini tapacaq. Ümidvarıq ki, universitetlərdə jest dili fakultəsi açılacaq və işarət dili dövlət dili səviyyəsində qəbul ediləcək. Çünki bəzi Cənubi Amerika və Avropa ölkələrində jest dili ikinci dövlət dili kimi qəbul olunub. Əlillərin hüquqları ilə bağlı Qanun layhəsinə bu cür əlavələr edilməsi nəzərdə tutulub. İnanıram ki, bu da nə vaxtsa öz həllini tapacaq.
- Bir müddət əvvəl sizin layihələrə əsasən işarət dilində tamaşalar hazırlanırdı. Bu işdə hansı məşhurlar sizə kömək oldu və həmin layihələrdə iştirak edən eşitmə məhdudiyyətli insanların həyatında hansı dəyişikliklər oldu?
- Təşkilatımızın əsas işi eşitmə məhdudiyyətlilərə dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Biz bir qrant müsabiqəsində qalib olduq və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Eşitmə məhdudiyyətləri teatra cəlb etməkdən ötrü layihəmizi həyata keçirdik. Biz 8 nəfər eşitmə məhdudiyyətli insanı teatra cəlb etməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşalar hazırladıq. Belə deyim, aktyorluqdan heç bir anlayışı olmayan və eşitmə məhdudiyyətli şəxsin Akademik Musiqili Teatrının səhnəsində yer alması özü böyük uğurdur. Bundan savayı, inkluziv teatr layihəmiz var idi ki, bu layhəyə əsasən Akademik Musiqili Teatr bizim QHT ilə əməkdaşlıq edirdi. İnkluziv Teatr Layihəmizi UNESCO-nun dəstəyi ilə həyata keçirdik. Bu layihədə bizim uşaqlarla Pantomima Teatrının aktyorları birgə məşq edirdilər. Layihə çərçivəsində uşaqlara fokus dərsləri, balet dərsləri və aktyorluq dərsləri keçildi. Akademik Musiqili Teatrında keçirilən məşqlərimiz 8 ay davam etdi. Təşkilatımızın eşitmə məhdudiyyətli üzvləri ilə həm Xalq artistləri, həm də əməkdar artistlər məşğul olurdular. Xalq artisti Pərviz Məmmədrzayev uşaqlarla məşğul olurdu, Əliqismət Lalayev isə onlara xüsusi diqqət göstərirdi. QHT-mizin eşitmə məhdudiyyətli üzvləri diplomlarla təltif edildilər, onların sosiallaşmasına şərait yaratdı və cəmiyyətə inteqrasiyasına dəstək oldu. Layihəmiz onların daxilində olan bacarıqlarının, aktyorluq qabiliyyətinin üzə çıxarılmasına dəstək oldu. Bəzən eşitmə məhdudiyyətli şəxslər jest dilində danışdıqlarından utanıb, özlərinə qapanırlar. Ona görə də layihəmizdə iştirak etmələri onların bu baryeri aşmalarına, komplekslərinə qalib gəlmələrinə kömək oldu. Bütün bu sadalananların hamısı özü bir böyük uğurdur. Hətta onların arasında elələri var idi ki, özləri jest dilində danışmaqlarına baxmayaraq bu dili zəif mənimsəmişdilər. Bütün məşqlərimiz sözsüz ki, surdo tərcüməçi vasitəsilə həyata keçirilirdi, beləliklə məşqlər zamanı həmin şəxslər aktyorluq sənətini yanaşı, işarət dilini də mükəmməl formada öyrənirdilər.
Aida Səfərova
© Photo : courtesy of Aida Safarova
- Layihələrinizi həyata keçirərkən hansı çətinliklərlə üzləşirdiniz?
- Çətinliklər deyəndə ki, eşitmə məhdudiyyətli şəxslərlə çalışmaq çox çətindir. Həm çətindir, həm də məsuliyyət və böyük səbr tələb edir, çünki bu şəxslər həssas olurlar. Onlar nə eşidir, nə də danışırlar, onlarla ünsiyyət quranda son dərəcə incə davranılmalıdır. Həmin insanlar xaraktercə tərs və utancaq olurlar ki, bu şəxsləri yola gətirməyi bacarmalısan. Düşdükləri mühitdə öz potensiallarını ortaya çıxarmağa çəkinirlər. Bəzən görürük ki, eşitmə məhdudiyyətli uşaqlar arasında mükəmməl əl işinə sahib olanlar var, yaxud aktyorluq bacarıqlıdırlar amma öz potensiallarını önə çıxarmaqdan çəkinirlər. Kompleksləri olduğuna görə cəmiyyət arasına çıxmağı istəmirlər.
- Siz özünüz layihələrinizin miqyasını genişləndirib xaricdə eyni istiqamətli təşkilatlara birgə layihə planlaşdırırsınızmı?
Aida Səfərova
© Photo : courtesy of Aida Safarova
- Bizim təşkilatımızın nizamnaməsində xarici dövlətlərdə təşkilarlarla əlaqə yaratmaq bəndi də yer alıb. Düzü, xaricdə bizim QHT kimi eşitmə məhdudiyyətli şəxslərlə əlaqəli təşkilatlarla hələ ki, əlaqəmiz olmayıb. Lakin gələcəkdə bu istiqamətdə planlarımız var.
- Gələcək üçün daha hansı planlarınız var?
- Eşitmə məhdudiyyətli şəxslərə dəstək olmağa davam etmək. Jest dilini təbliğ etmək, bu istiqamətdə yeni layihələr hazırlamaq. Əslində planlar çoxdur və planlarımız haqqında çox da informasiya vermək istəmirəm. Allahın iznı ilə layihələrimizi davamlı olaraq hazırlayıb icra edəcəyik. Bir ideyam da var, gələcəkdə, Allah yol açsa, televiziyaların birində jest dilində ya veriliş, yaxud tamaşa göstərməyi planlaşdırıram.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.