BAKI, 27 iyun - Sputnik. Rusiya qızılı ona tələbatı olan və daha qanuni iqtisadi rejimlərin olduğu ölkələrə satılacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov G7 ölkələrinin Rusiya qızılının idxalına qadağa qoymaq planlarını şərh edərkən bildirib.
"Qiymətli metallar bazarı qlobaldır, o, kifayət qədər böyük, həcmli və çox müxtəlifdir", - Kremlin sözçüsü bildirib.
“Digər mallarda olduğu kimi, təbii ki, əgər bir bazar qeyri-qanuni qərarlar səbəbindən cəlbediciliyini itirirsə, o zaman bu malların daha çox tələb olunduğu, daha rahat və daha qanuni iqtisadi rejimlərin olduğu yerə yönləndirilməsi baş verir”, - Peskov vurğulayıb.
Bazar günü ABŞ prezidenti Co Bayden G7 ölkələrinin Rusiya qızılının idxalına qadağa qoyacağını bəyan edib. Reuters agentliyi ABŞ administrasiyasının adını açıqlanmayan rəsmisinə istinadən xəbər verir ki, qadağa rəsmi olaraq iyunun 28-də elan olunacaq.
ABŞ Prezidenti Cozef Baydenin administrasiyasının yaydığı məlumatda isə bildirilir ki, Vaşinqton Rusiyaya dəstək verən şirkətlərə ABŞ texnologiyalarına çıxışa məhdudiyyət qoymağı planlaşdırır.
Bundan başqa, G7 ölkələri Rusiyanın silah istehsalı və təchizat zəncirlərinə qarşı yeni tədbirlər görmək niyyətindədir. Yüzlərlə rusiyalı fiziki şəxs və şirkətə qarşı sanksiyaların genişləndirilməsi planlaşdırılır.
Üstəlik, buraya 2,3 milyard dollar dəyərində 570-dən çox növ Rusiya məhsuluna rüsumların artırılması daxildir.
Bazar ertəsi qızılın iyunun 27-də G7 ölkələrinin Rusiyadan külçə idxalını qadağan etmək planları fonunda bahalaşdığı bildirilmişdi.