MƏDƏNİYYƏT

İtaliya qəhrəmanının Qazaxdakı evi dağılır: Dövlət sahib çıxmır, bəs vətəndaş?

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bildirib ki, yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsi mümkündür, amma şərtlər var.
Sputnik
BAKI, 26 iyun — Sputnik. Paytaxt Bakıda, eləcə də bölgələrimizdə tarixdə silinməz iz qoyan insanların ev muzeyləri bərbad vəziyyətdədir. Onların bir çoxu dövlət qeydiyyatında olmadığından nəzarətsiz qalıb. Belə muzeylərdən biri də Qazaxın Birinci Şıxlı kəndindəki İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı Tahir İsayevin evidir.
Həvəskar araşdırmaçı Arzu Rzasoy həmin evi ziyarət edib və acınacaqlı mənzərə ilə qarşılaşıb. O, Sputnik Azərbaycan-a bildirib ki, həm italyanlar, həm də bizim üçün əhəmiyyətli olan tarixi şəxsiyyətin yaşadığı evin damı uçub. Hazırda orada heç kəs yaşamır. Evin açarı qonşuda olur. Kənd sakini onu bildirib ki, qızı gəlib əşyalarını götürüb muzeyə təhvil verib.
"Ora Gürcüstan yolunun üzərində yerləşir. Nə qədər turist gələ bilər. Oranı tanıtsaq, ən azı italiyanların diqqətini cəlb edə bilərik. Evlə yanaşı, qəhrəmanın məzarı da baxımsız durumdadır", - Rzasoy deyib.
Sözügedən evlə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindan verilən məlumata görə, Qazaxda İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı Tahir İsayevin ev muzeyi Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yoxdur. Ev muzeyi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən "Yeni aşkar edilən abidələrin siyahısı"na daxil edilib.
İtaliynın Milli Qəhrəmanı, "Serafino" ləqəbli Tahir İsayevin şərəfinə ucaldılmış abidə
Dövlət Xidməti özü tarixi abidələrin, tarixi şəxsiyyətlərin evinin qorumasına o qədər də maraqlı göstərmir. Bəs bu tarixi məkanları öz qoruması altına almaq istəyən şəxslərə imkan yaratmaq niyyəti varmı?
Bu suala cavab olaraq Dövlət Xidmətindən Agentliyə bildirilib ki, tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının müvafiq qanununa uyun olaraq abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər:
""Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə yol verilmir. Lakin yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisnadır".
Qurumdan o da bildirildi ki, mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər:
"Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər".
Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Qeyd edək ki, dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər Dövlət Xidmətinin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.
VİDEO
Mingəçevirin “Kiçik Qobustan”ı: Ləpələrin yaratdığı muzey