BAKI, 26 iyun - Sputnik. Rusiyanın tanınmış müğənnilərindən olan Yuri Şatunovun külünün bir hissəsi artistin uzun müddət yaşadığı Almaniyada dəfn ediləcək. RİA Novosti xəbər verir ki, bunu sənətkarın nümayəndəsi Arkadi Kudryaşov deyib.
Xatırladaq ki, Şatunov iyunun 23-nə keçən gecə 48 yaşında vəfat edib. Onun ölümünə infarkt səbəb olub.
“Kül (kremasiyadan sonra - red.) qismən Almaniyada, qismən də Troekurovski qəbiristanlığında basdırılacaq. Ümumiyyətlə, Yuri Vasilyeviçin arzusu Bavariyada, onun külünün balıq tutmağı sevdiyi yerdə suya səpıilməsi idi. Orada belə balıq gölü var, meşədə yerləşir”, - deyə Kudryaşov bildirib.
Yuri Şatunov 6 sentyabr 1973-cü ildə Rusiyanın Başqırdıstan Respublikasının Kumertau şəhərində anadan olub. On bir yaşında anası dünyasını dəyişib.
Anasının ölümündən sonra bir müddət sərgərdan həyat sürüb, sonra isə Orenburq şəhərindəki internat məktəbinə köçürülüb və burada həvəskar özfəaliyyət dərnəyinin rəhbəri Sergey Kuznetsovla tanış olub.
Müğənni 1986-1991-ci illərdə "Laskovı May" qrupunun solisti olub. Onun ifa etdiyi “Ağ qızılgüllər”dən başqa, ən populyar hitləri arasında “Uşaqlıq”, və “Çal gecə” mahnıları da var.
Bazar günü səhər saatlarında Moskvadakı Troekurovski qəbiristanlığında mərhum müğənni Yuri Şatunovla vida mərasimi keçirilib. Yüzlərlə insan Şatunovun xatirəsini yad etməyə gəlib, çoxu ağ qızılgül çələngləri gətəriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.