BAKI, 26 - iyun - Sputnik. İraqın Müdafiə Nazirliyi ölkədə 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı ölən 47 nəfərin qalıqlarının tapıldığını açıqlayıb, İraqın Shafaq agentliyi xəbər verir.
"Müdafiə Hüquq Xidmətləri Departamentinin İnsan Haqları Bürosu ölən 25 iraqlı... və 22 iranlının qalıqlarını eksqumasiya edib", - nazirliyin bəyanatında deyilir.
Qeyd olunur ki, müharibənin 14 qurbanı, o cümlədən 11 iranlının qalıqları müəyyən edilib.
Nazirlik əlavə edib ki, qalıqlar İraqın Bəsrə, Meysan, Vasit və Diyala əyalətlərində tapılıb və məhkəmə-tibbi ekspertizası üçün Bağdada təhvil veriləcək.
1980-1988-ci illərdəki qanlı İran-İraq müharibəsi 1 milyondan 1,5 milyona qədər insanın həyatına son qoyub və iki ölkənin iqtisadiyyatına ümumilikdə 500 milyard dollar zərər vurub.
Döyüşlər Şatt əl-Ərəb çayı boyunca yerləşən ərazilərə və əhalisinin əksəriyyətini ərəblərin təşkil etdiyi İranın Xuzistan əyalətinin neftli rayonlarına nəzarət etmək üçün gedirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.