SƏHİYYƏ

Meymunçiçəyi virusu hazırda beynəlxalq səviyyədə fövqəladə vəziyyət yaratmır - ÜST

Qurumun baş direktoru bildirib ki, yaxın günlərdə fövqəladə hallar komitəsinin təcili iclasının çağırılması üçün beynəlxalq səhiyyə ekspertlərinin tövsiyələri dinləniləcək.
Sputnik
BAKI, 26 iyun - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib. Bu barədə Azərtac-ın məlumatında deyilir.
Beləliklə, ÜST hazırda bu virusun yayılmasını beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti kimi dəyərləndirilməyib. Qurum öz qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.
Lakin təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, meymunçiçəyi ciddi şəkildə narahatlıq doğurur. Qeyd edilib ki, meymunçiçəyi virusu yaxından izlənmə və kollektiv reaksiya tələb olunan səhiyyə təhlükəsi kimi inkişaf edir.
ÜST-ün baş direktoru Tedros Qebreyesus
Bildirilib ki, meymunçiçəyi virusuna onillərdən bəri Afrika ölkələrində rast gəlinir. Lakin hazırda virus ilə bağlı xüsusilə narahat edən faktor onun yeni ölkələrə və bölgələrə sürətlə, davamlı yayılması və immuniteti zəif olan insanlar, hamilə qadınlar və uşaqlar da daxil olmaqla həssas əhali qruplarına yoluxma riskidir.
Baş direktor bildirib ki, vəziyyət yaxından izlənərək, ayıq-sayıqlıq davam etdiriləcək və epidemiyanın təkamülü əsasında yaxın günlərdə və həftələrdə fövqəladə hallar komitəsinin təcili iclasının çağırılması üçün beynəlxalq səhiyyə ekspertlərinin tövsiyələri nəzərə alınacaq.
Qərardan öncə təşkilatın fövqəladə hallar komitəsi bir neçə gün davam edən müzakirələr aparıb. Beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti ÜST tərəfindən elan edilən ən yüksək xəbərdarlıq pilləsidir. Hazırda bu pillə COVID-19 pandemiyası və poliomielit xəstəliyinə şamil olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.