HƏRBİ

Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında olacaq

Prezidentin köməkçisi deyib ki, Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunmasını ən yüksək səviyyədə həyata keçirir
Sputnik
BAKI, 25 iyun - Sputnik. Prezident İlham Əliyev bu məsələlərə yüksək diqqət göstərir və öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev REALTV.AZ-a müsahibəsində deyib.
O qeyd edib ki, bu xüsusda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından müstəsna əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsinin imzalanması müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir.
"Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunmasını ən yüksək səviyyədə həyata keçirir”, - M.Əliyev vurğulayıb.
“Cənab Ali Baş Komandan İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur”, - Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.
Onun sölərinə görə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hər bir təlim daha geniş miqyası ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqlənir. Bu baxımdan, iki qardaş ölkənin Silahlı Qüvvələri daim dünyanın diqqət mərkəzində dayanır, ölkələrimizin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə mütəmadi qaydada genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir”, - M.Əliyev deyib.
O həmçinin qeyd edib ki, təbii olaraq yeni standartlar da qəbul edilir və icra olunur:
“Əbəs deyil ki, Prezident İlham Əliyev Komando birliklərinin hazırlanması istiqamətində öz mühüm tapşırıq və tövsiyələrini verdi və artıq Azərbaycanın ərazilərini istənilən təhlükədən müdafiə edən çox güclü, peşəkar və kifayət qədər potensialı olan Komando birlikləri mövcuddur. Həmin perspektivlər isə əlbəttə ki, inkişaf etdirilir və hərbi modelin təkmilləşdirilməsi amili də daim nəzərtə tutulur”.
Türkiyənin hərbi gücü bəzi dairələri narahat edir
M.Əliyevin dediyinə görə, iki ölkənin digər sahələrlə yanaşı, hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlığı mövcuddur və bu, çox önəmli faktordur:
"Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil. Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır".
Prezidentin köməkçisi etiraf edib ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir. Prezident İlham Əliyevin Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da genişləndiriləcəyi barədə vurğuladığı fikirləri də o qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədir.
General-polkovnik Məhərrəm Əliyev müsahibəsində Ermənistanla münasibətlərə də toxunub. Deyib ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz.
"Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Onun fikrincə, artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir. Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək:
"Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakim rolunu oynayır".
M.Əliyev qeyd edib ki, artıq delimitasiya istiqamətində işçi qruplar fəaliyyət göstərir, görüşlər keçirilir və bütün bunlara rəğmən, sərhədlərimizin möhkəmləndrilməsi və bərpası işləri tam sürətlə davam etdirilməkdədir. Lakin təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır:
"Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Lakin Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına qarşı atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”.
Prezidentin köməkçisinin fikrincə, Ermənistanın təxribatlarına haqq qazandıran dairələr yaxşı olardı ki, ədalətin yanında yer alsınlar və 30 il boyunca Azərbaycanın üzləşdiyi ağır nəticələri xatırlasınlar.
"Əgər bunu da edə bilmirlərsə, tövsiyə edərdik ki, öz daxili problemlərini həll etməklə məşğul olsunlar. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini tələb olunan normalar çərçivəsində təmin edir və Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır”, - M.Əliyev vurğulayıb.
Ermənistanla sərhəddə müdafiə və mühafizə infrastrukturu yaradılır
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri bildirib ki, ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır:
"Bununla bağlı biz müvafiq ərazilərdə olur, görülən işlərlə maraqlanır, yerindəcə öyrənir, prosesin uğurla başa çatdırılması üçün fəaliyyətimizi davam etdiririk. Biz bir neçə dəfə əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər etmişik. Bu ərazilərdə artıq bir sıra yeni hərbi hissələrin fəaliyyətə başlaması böyük əhəmiyyət kəsb edir. Onu da bildirim ki, bu səfərlər ardıcıllıq xarakter daşıyır”.
M.Əliyevin sözlərinə görə, bu işlərin aparılmasında Prezidentin tövsiyələrindən irəli gələn məsələlərin qısa müddətdə həllini tapması daim diqqətdə saxlanılmaqdadır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri müvafiq qaydada həyata keçirilir.
Eyni zamanda sərhəd-döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür.
"Ümumiyyətlə, mümkün təxribat cəhdlərinin qarşısının alınması istiqamətində görülən hər bir iş, həyata keçirilən hər bir tədbir bu gün ərazilərimizin mühafizəsində mühüm rol oynayır”, - M.Əliyev deyib.
"ADEX” sərgisi Azərbaycanın müdafiə sənayesini tanıtmasına şərait yaradır
O həmçinin xatırladıb ki, “ADEX” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı iştirak edən yerli şirkətlərin də sayı artıb, yerli hərbi sənayemizin innovasiyaları böyük marağa səbəb olur. Yaxın perspektivdə bu siyahıya yeni istehsalçıların da qoşulacağı şübhəsizdir. Bu gün həm də regional əhəmiyyətli müdafiə sənayesi platforması olan “ADEX” platformasından region ölkələri də yararlana bilər.
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri qeyd edib ki, “ADEX” kimi bir sərginin Azərbaycanda təşkil olunması müdafiə sənayemizin öz potensialını daha yaxından tanıtmasına şərait yaradır:
“Beynəlxalq “ADEX” hərbi sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır. O cümlədən, “ADEX” sərgisi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Həmçinin “ADEX” sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə də geniş şərait yaradır”.
M.Əliyevin fikrincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ADEX” sərgisini ənənəvi olaraq ziyrəti dövlət rəhbərliyinin bu sərgiyə göstərdiyi yüksək diqqətin təzahürüdür. Sərgi dünyanın bir sıra qabaqcıl dövlətlərinin nüfuzlu şirkət, təşkilat, qurum və nümayəndə heyətlərini bir araya gətirməklə respublikamızın və xarici ölkələrin güc strukturlarına ən müasir hərbi texnologiyaların, geniş çeşiddə silah və sursatların, o cümlədən bu sahədə bir sıra yeniliklərin təqdim edilməsində mühüm rol oynayır.
"Bu sərgidə iştirak edən ölkələrin sayının getdikcə artması onun bir çox dövlətin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiq edir. Xarici ölkələrin dövlət qurumları, biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığının və əhəmiyyətinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir. Bütün bu kimi amillər isə əlbəttə ki, Azərbaycanın hərbi sənayesinin inkişafına, tərəqqisinə öz töhfələrini verməkdədir”, - Prezidentin köməkçisi əlavə edib.
HƏRBİ
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması müzakirə olunub