BAKI, 24 iyun — Sputnik. Rusiya Aerokosmik Qüvvələri Nikolayev və Xarkov vilayətlərindəki üç dislokasiya məntəqəsinə yüksək dəqiqlikli silahlarla endirdiyi zərbələr nəticəsində 200-dən çox xarici muzdlu və 100-ə qədər ukraynalı əsgəri öldürüb. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirilib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində fərarilik və döyüş əməliyyatlarında iştirakdan imtina halları geniş vüsət alır. O cümlədən Donetsk vilayətində 25-ci hava desant briqadasının batalyonlarından birinin 30-dan çox ukraynalı hərbçisi təhkim olunmuş silahlarını ataraq mövqelərini icazəsiz tərk edib.
Rusiya hərbi idarəsinin nümayəndəsi vurğulayıb ki, Ukrayna komandanlığı itkiləri əvəz etmək üçün səfərbərliyə çağırılan təlimsiz vətəndaşlardan ayrıca atıcı batalyonlar təşkil edir.
Konaşenkov onu da bildirib ki, Luqansk vilayətinin Qorskoye və Zolote şəhərləri ərazisindəki Ukrayna qoşunları tamamilə mühasirəyə alınıb.
"Rusiya qoşunları "Qorskovo Kotla" halqasını daraldaraq düşmənə davamlı atəş zərbələri endirir. Dünən Zolote qəsəbəsinin yarısı nəzarətə götürülüb", - deyə Konaşenkov bildirib.
Onun sözlərinə görə, orada 2000-ə qədər şəxs, o cümlədən 1800-ə yaxın ukraynalı hərbçi, 120-si ekstremist təşkilatların üzvü, 80-nə qədər xarici muzdlu, həmçinin 40-dan çox döyüş zirehli texnikası və 80-nə yaxın silah və minaatan mühasirəyə düşüb.
Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin dörd batalyonu orada yerləşir: 24-cü mexanikləşdirilmiş briqadanın 3-cü mexanikləşdirilmiş batalyonu, 128-ci dağ-hücum briqadasının 15-ci dağ hücum batalyonu, 57-ci motoatıcı briqadanın 42-ci motoatıcı batalyonu, 101-ci ərazi müdafiə briqadasının 70-ci batalyonu, eləcə də 57-ci motoatıcı briqadanın briqada artilleriya qrupu.
Yalnız son 24 saat ərzində bu bölgədə 41 hərbçi döyüşməkdən imtina edərək könüllü təslim olub deyən Konaşenkov təslim olanlara istinad edərək bildirib ki, mühasirəyə alınmış Ukrayna qrupu tükənir, kadrları azalır, silah və sursat, yanacaq və digər maddi vasitələrlə təmin olunmurlar.
"Son günlər Rusiya hərbçiləri Luqansk istiqamətində 10 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov və Nikolayev vilayətlərində iki Su-25 təyyarəsini məhv edib. Həmçinin, Rusiya ordusu Luqansk vilayətində və Xarkov vilayətində beş PUA-nı vurub, Luqansk istiqamətində beş "Toçka-U" raketini məhv edib", - deyə Konaşenkov bildirib.
Ötən gün Rusiya Aerokosmik Qüvvələri 367 ərazidə Ukrayna qoşunlarının canlı qüvvəsini və hərbi texnikasını vurub, Luqansk vilayətində 5 silah-sursat anbarını, həmçinin 62 rayonda artilleriya və minaatan bölmələrini, o cümlədən Xarkov vilayətində M777 haubitsalarının batareyasını məhv edib.
Nazirliyin rəsmisi həmçinin bildirib ki, "Bastion" sahil raket kompleksi Odessa vilayətində S-300 zenit-raket kompleksinin mövqeyinə zərbə endirib.
Konaşenkovun sözlərinə görə, hava zərbələri, raket qüvvələri və artilleriya atəşi nəticəsində cəmi bir gün ərzində 620-dən çox Ukrayna əsgəri, 19 tank və digər zirehli döyüş maşını, həmçinin 17 xüsusi texnika məhv edilib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi 213 təyyarə, 132 helikopter, 1334 pilotsuz uçuş aparatı, 350 zenit-raket kompleksi, 3769 tank və digər zirehli döyüş texnikası, 659 döyüş maşını və reaktiv yaylım atəşi sistemi, 3002 səhra artilleriya qurğusu və minaatan, həmçinin 3835 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.