TƏHSİL

Qiyabi təhsil alan tələbələrə kredit şansı

Bunun üçün Fondun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcək.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Qiyabi təhsil alan tələbələrə də Təhsil Tələbə Kreditlərinin verilməsi barədə təklif irəli sürüləcək.
Bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 saylı Qərarı ilə təsdiq edilmiş "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi" Qaydasına görə, Təhsil tələbə krediti Universitetlərin, bakalavriat, magistratura (rezidentura), səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə şamil edilir.
"Sözügedən qaydalara qiyabi təhsil alan tələbələrə də təhsil tələbə kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Fondun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcəkdir", - deyə əlavə edilib.
Xatırladaq ki, Təhsil Tələbə Kredit Fondu krediti təhsil haqqının ödənilməsi üçün verir. 2021-ci il oktyabr ayından təhsil tələbə kreditlərinin verilməsinə başlanılıb və bu günə qədər 6 mindən çox tələbə təhsil krediti alıb. (Trend)
Qeyd edək ki, yaz sessiyasında təhsil tələbə krediti almaq üçün 4919 tələbə müraciət edib.
Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətlərin 400-dən imtina edilib.
Ümumilikdə isə 3243 tələbəyə kredit verilib. Onlardan 1129-ü sosial, 2114-ü isə standart kredit olub.
Məlumat üçün bildirək ki, mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatıb.
Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq. Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.