BAKI, 24 iyun — Sputnik. İsti havada çimərliklər paytaxt sakinlərinin ən çox üz tutduğu məkanlardandır. Çimərliklərin çoxu hasarlanaraq insanlara müxtəlif xidmətlər təklif etsələr də, təhlükəsizlik məsələsi bir çox sahibkarlar üçün ikinci planda qalıb. Girişi pullu olan çimərliklər xidmət və şərait baxımından ilk baxışdan cəlbedici olsa da, pullu çimərliklərin mütləq əksəriyyətində xilasedicilər yoxdur. Sputnik Azərbaycan girişi ödənişli olan çimərliklərdə təhlükəsizlik problemini araşdırıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Sputnik Azərbaycan-a müsahibəsində girişi ödənişli çimərliklərdə təhlükəsizlik problemlərindən danışıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili
© Sputnik / Irade JELIL
- Aqşin müəllim, ödənişli çimərliklərin çoxunda xilasedicilərə rast gəlmək mümkün deyil. Bu hansı təhlükəyə yol aça bilər?
- Çimərliklərin ərazilərində birmənalı olaraq təhlükəsizlik tədbirləri görülməlidir. Bütün çimərliklərdə sualtı müayinələr keçirilməli, üzmə sərhədləri müəyyən edilməlidir. Maarifləndirici lövhələr qoyulmalı, xilasedici texniki vasitələr və xilasedicilər olmalıdır. Bu FHN-in nəzarət etdiyi çimərliklərdə təmin olunur. Ödənişli çimərliklərdə isə bütün bunları çimərlik operatorları etməlidir. Biz bununla bağlı mövsümqabağı çimərlik operatorları ilə görüşlər keçirdərək onlara xüsusi bildirişlər təqdim edirik.
- Çimərlik operatorlarına təhlükəsizliklə bağlı əsas tələblər nədən ibarətdir? Bu sənədə əsasən onlar hansı qaydalara əməl etməlidirlər?
- Nazirlər Kabinetinin “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında “ Əsasnamənin təsdiq edilməsi barədə 216 saylı qərarı var. Həmin qərarın 2.6 bəndində Çimərliklərin təşkili, saxlanılması və istifadəsinə dair tələblər öz əksini tapıb. Burada qeyd olunub ki, su obyektlərinin dibinin dərinliyi sahildən uzaqlaşdıqca tədricən enərək 1,75 m-dən artıq olmamalı, burada çimənlər üçün təhlükə yaradan çıxıntı və çuxurlar, sualtı daş və qayalar, suya batmış qol-budaqlı ağaclar, cəng və lehmələr və digər yad cisimlər olmamalıdır. su obyektlərinin dibi alçaq temperaturlu qrunt suları qaynaqlarından azad olmalı, su axınlarının sürəti 0,5 m/san-dən artıq olmamalıdır.
Çimmə zonasının sərhədləri hər tərəfdən yaxşı seçilən və bir-birindən 50 m-dən artıq olmayan məsafədə yerləşdirilmiş siqnal üzgəclər və yaxud stasionar nişanlarla işarələnməlidir. Çimərlikdə hündürlüyü 8-10 m olan və yaşıl rənglə rənglənmiş dirək quraşdırılmalı və suda bədbəxt hadisə baş verdikdə onun başına 1 m diametrli qırmızı rəngli siqnal hava balonu qaldırılmalıdır. Çimmə zonasının dibi su obyektlərinin istifadəçiləri tərəfindən ayda bir dəfədən az olmamaq şərtilə vaxtaşırı təmizlənməli, lazım olduqda dalğıclar vasitəsilə yoxlanılmalıdır. Sənədin 2.6.11 bəndində isə qeyd edilib ki, çimərliklərdə müşahidə qülləsi olan xilasetmə stansiyası fəaliyyət göstərməli və orada peşəkar xilas edənlərin daimi növbətçiliyi təşkil edilməlidir.
Aqşin Əlili
© Sputnik / Irade JELIL
- Bu tələblərə əməl olunur?
- Bəzi çimərlik operatorları bu tələblərə əməl edir, bəziləri isə etmir.
- Qaydalara əməl etməyənlərə qarşı hansı tədbirlər görülür?
- Təəssüf ki, bizim qaydalara əməl etməyən çimərlik operatorlarına təsir göstərmək mexanizmimiz yoxdur. Biz sadəcə onlara bu barədə qaydaları izah edirik.
- İndiyədək hansısa çimərlik operatoru sizə xilasedici xidmətin təşkili üçün müraciət edib?
- Xeyr, biz heç bir çimərlik operatoruna ödənişlə xilasedici xidmət göstərmirik. Onlar özləri bunu təşkil etməlidirlər.
- Sizcə, çimərlik operatorları belə peşəkar xilasedici xidmət təşkil edə bilərlər?
- Onların müraciəti əsasında biz xilasedici və dalğıc kurslarımızda kadr hazırlaya bilərik.
- Ümumiyyətlə xilasedici, dalğıc işləmək üçün əsas tələb nədir? Bu şəxslər hansı bacarıqlara yiyələnməlidir?
- Hər bir şəxs xilasedici ola bilməz. Belə şəxslər fiziki sağlam olmalıdır. Yaxşı üzməyi bacarmalıdır. Psixoloji cəhətdən sağlam olmalədır. Belə şəxslərə kurs keçirilir, xilasedici sertifikatı verilir. Çünki, bu kurslarda xilasedicilərə təhlükədə olan şəxsi təkcə xilas etmək yox, xilas etdikdən sonra ona ilk tibbi yardımın göstərilməsi bacarıqları da aşılanır.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili
© Sputnik / Irade JELIL
- İndi ödənişl çimərliklərin çoxunda xilasedici yoxdur. Belə çimərliklər nə qədər təhlükəlidir?
- Biz vətəndaşlara müraciətimizdə də bəyan etmişik ki, xilasedicisi olmayan çimərliklərdən istifadə etməsinlər. Bu təhlükəlidir. Biz ictimai qınaq edərək bu problemi həll edə bilərik. Hansı çimərlikdə xilasedici yoxdursa vətəndaşlar oraya getməməklə həmin çimərlik operatorunu qaydalara əməl etməyə məcbur edə bilərlər.
- Bəs çimərlik operatorları sualtı müayinələrin aparılması üçün sizin quruma müraciət edir?
- Bəzi çimərlik operatorları bunun üçün bizə müraciət edib. Əksəriyyəti isə bu tədbiri həyata keçirməyib.