BAKI, 24 iyun — Sputnik. Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Naftalan şəhərlərini, həmçinin Goranboy rayonunun bəzi kəndlərini içməli su ilə təmin edən Ballıqaya su mənbəyinə ciddi ziyan vurub.
"Azərsu" ASC-dən verilən məlumata görə, sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil sutəmizləyici qurğunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Nəticədə Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə suyun verilməsi dayandırılıb. Eyni zamanda sel suları Ağcakənd qəsəbəsini içməli su ilə təmin edən magistral su kəmərinin bir hissəsini yararsız vəziyyətə salıb.
Ballıqaya su mənbəyi
© Photo : Azərsu
"Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov, "Sutikinti" Müəssisəsinin, 7 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri su mənbəyinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb.
Artıq əraziyə xüsusi texnika və maşınlar (3 ədəd ekskavator, 3 ədəd özüboşaldan yük maşını) cəlb olunub, təmizləyici qurğuda təmir-bərpa işlərinə başlanılıb.
Ballıqaya su mənbəyindən qidalanan yaşayış məntəqələrinin içməli suya olan tələbatını ödəmək üçün anbar ehtiyatlarından istifadə edilir, eyni zamanda 5 ədəd sudaşıyan nəqliyyat vasitəsi səfərbər olunub. Mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar.
Ballıqaya su mənbəyi
© Photo : Azərsu
Qeyd edək ki, iki gün öncə Goranboyun Ağcakənd qəsəbəsində sel bir neçə fərdi yaşayış evinə ziyan vurub, eyni zamanda, küçələrə, qaz və elektrik xətlərinə ziyan dəyib.
Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rafət Qurbanov deyib ki, dəymiş ziyanın müəyyən edilməsi üçün qeydiyyat aparılır, evlərə baxış keçirilir: "Nazirlər Kabineti səviyyəsində qiymətləndirmə işləri aparılacaq, qəsəbəyə nümayəndə heyəti dəvət olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.