PAYTAXT XƏBƏRLƏRİ

Bakıda tələbələr kolbasadan zəhərləndilər

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kolbasanın məktəbin həyətindəki köşkdən alındığını təsdiqləyib.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.
Hadisə dünən günorta saatlarında baş verib. Təhsil Mərkəzinin iki tələbəsi -17 yaşlı İslam Balayev və Bahadur İmanov - qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara tibbi yardım göstərilib. İlkin araşdırmalar zamanı tələbələrin kolbasadan zəhərləndikləri üzə çıxıb. Faktla bağlı araşdırma aparılır.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən Sputnik Azərbaycan-a faktı təsdiqləyiblər.
Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peşə məktəbinin ikinci mərtəbəsində məcburi köçkünlər məskunlaşıb. Onların arasında bir yaşlı kişi pəncərənin altını kəsərək orada alver edir:
"Həmin yer ərzaq məhsullarının satılması üçün heç bir şəraiti olmayan yerdir. Pilləkənin altını lambrinlə kəsərək yeyinti məhsulları satır. Orada kolbasanın və digər ərzaqların satılması üçün heç bir şərait yoxdur. Biz dəfələrlə ona elə şəraitsiz yerdə ərzaq məhsulunun satılmasının yolverilməz olduğunu bildirmişik. Amma məcburi köçkün olduğundan heç nə edə bilmirik. Uşaqlar da kolbasanı həmin şəxsdən alıb yeyiblər. Dərhal da zəhərlənmə verib. Hazırda uşaqların vəziyyəti yaxşıdır".
Qeyd edək ki, dünən Beyləqanda 15 nəfər pambıq sahəsində dərmanlama zamanı zəhərlənmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.