BAKI, 23 iyun - Sputnik. Yardımlı rayonunun Urakəran kəndi ərazisində yenidən arxeoloji qazıntılara başlanılıb. Bu dəfə də antik dövrə aid bir neçə qəbirlər aşkar edilib. Azərbaycanın Cənub-şərq dağlıq ərazilərinin Antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminlinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə əsasən, Urakəran kəndinin Bilgəh adlanan ərazisində yenidən küp və daş-qutu qəbrlər aşkar edilib:
“Bu dəfə tədqiqat işləri ümumilikdə 50 kvadrat metrlik ərazidə aparırlır. Ərazidə 3 küp qəbir, 2 daş-qutu qəbir və bir qurbangah yeri aşkarlanıb. Aşkarlanan qəbirlər eramızın I-II əsrlərini əhatə edir. Ağızları daş qapaqlarla bağlanmış Küp qəbirdə dəfn olunanın yanında xırda bəzək əşyaları, dəfn küplərinin kənarında isə müxtəlif formalı, hətta heyvan formalı qablar da aşkar olunub.
Yardımlı rayonu ərazisində aşkarlanan qəbirlər
© Photo : courtesy of Jeyhun Eminli
Həmçinin burada Roma İmperiyası sənətkarlığı üçün səciyyəvi olan, bədii tərtibatlı şüşə muncuqlar aşkar edilib. Eyni dövrə aid bir küp qəbir üzərində tədqiqatlar davam edir. Yaxşı vəziyyətdə qalmış və ağzı açılmamış həmin dəfn küpü yer səthindən 150 sm dərinliyində qeydə alınıb. Həmin qəbrin baş hissəsində qoç formalı qab aşkar edilib. Cənub-şərq regionunun dağlıq ərazisində daş-qutu qəbirlərin ənənəsi daha erkən dövlərə, yəni Son tunc və Erkən dəmir dövrünə gedib çıxır. Lakin bu ənənə antik dövrdə də saxlanılıb.
Yardımlı rayonu ərazisində aşkarlanan qəbirlər
© Photo : courtesy of Jeyhun Eminli
Küp qəbirlər yeni qəbir növüdür, amma küp qəbirlərlə yanaşı daş-qutu qəbirlər ənənəsi də saxlanılıb. Yəni, həmin dövrdə yeni inanc gəlsə də, köhnə inancın mühafizəkarları qədim adətləri saxlayıblar. Bildirim ki, arxeoloji tədqiqat işləri iyun ayının sonuna kimi aparılacaq. Qəbir avadanlığı əsrlər boyunca torpaq altında qaldığından dağıntılara məruz qalmışdır. Çöl tədqiqatları bitdikdən sonra aşkarlanan maddi-mədəni nümunələri kameral-laboratoriya şəraitində davam etdiriləcək. Bundan sonra aşkar edilən maddi-mədəni nümunələr bərpa olunduqdan sonra yerli və aparıcı muzeylərə, həmçinin Arxeoloji fonda təqdim ediləcək”.
Ekspedisiya rəhbəri sözügedən ərazidə ötən il 5 küp qəbir, 7 daş-qutu qəbir tədqiq etdiklərini bildirdi:
Yardımlı rayonu ərazisində aşkarlanan qəbirlər
© Photo : courtesy of Jeyhun Eminli
“Ərazidə çoxlu silahlar, at formalı və öküz formalı qablar aşkar etdik. Qazıntı işləri dəniz səviyyəsində 800-900 metr yüksəklikdə aparılır. Bildirim ki,ərazidə arxeoloji turizm inkişafı üçün ideal imkanlar var. Çünki abidələrin aşkarlandığı yer Yardımlı-Arvana avtomobil yolunun kənarında yerləşir. Böyük bir heyətlə arxeoturizm və açıq səma altında muzeyləşdirmə yönümlü tədqiq etsək tədqiq etdiyimiz qəbirləri yenidən torpqlamağa məcbur olmarıq ki, ərazini yenidən sahiblərinə təhvil verək. Torpaq sahiblərinə kompensasiya ödənilsə daş-qutu qəbrləri yerində saxlamaqla ərazidə gözəl açıq hava altında muzey yaratmaq olar”.
Ceyhun Eminli əlavə olaraq bildirdi ki, avqust ayında Lerik rayonunun Gürdəsər və Buruq kəndləri ərazisində Azərbaycan-ABŞ Beynəlxalq Ekspedisiyası tədqiqat işləri görəcək.
Xatırladaq ki, qədim dövrə aid qəbirlər 4 il öncə Yardımlı rayonunun Urakəran kəndinin Bilgəh ərazisində təsərrüfat işləri görülərkən təsadüfən aşkar edilib.