BAKI, 23 iyun — Sputnik. Beyləqanda Mərkəzi Xəstəxanasına yerləşdirilən 15 nəfər pambığa alaq otuna qarşı dərman vurularkən zəhərləniblər. Bu barədə Sputnik Azərbaycan-a Beyləqanın Yuxarı Aran kənd icra nümayəndəsi Alim Məmmədov məlumat verib. O, bildirib ki, zəhərlənənlər Yuxarı Aran qəsəbə sakinləri olsa da, onlar Mil qəsəbəsindəki pambıq sahəsində çalışıblar. O, bildirib ki, zəhərlənənlər arasında bir nəfər sürücü də var.
Pambıq sahəsində zəhərlənənlərdən biri, sürücü Tehran Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəhərlənmə hadisəsi sahəyə dərman səpən traktorun onları görməməsi səbəbindən baş verib: " Sahəyə dərman vuran texnika bizi görmədi. Biz sahənin aşağı tərəfində idik. 16 nəfər idik. Onların içərisində hamısı qadın, bircə kişi xeylağı mənəm. Bir də gördük ki, özümüzü pis hiss edirik. Ürək bulanma, baş gicəllənmə verdi. Dərhal xəstəxanaya müraciət etdik. İndi hamımız yaxşıyıq".
T. Vəliyev pambıq sahəsində günəmuzd işlədiyini bildirdi. Onun sözlərinə görə, işlədikləri pambıq sahəsi fərdi təsərrüfatdır.
Qeyd edək ki, Beyləqanda zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 15 nəfər evə buraxılıb. Bunu Sputnik Azərbaycan-a "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
"Zəhərlənən şəxslər xəstəxanaya çatdırılan kimi dərhal intensiv tədbirlər görülüb. Onlar bir sutka nəzarətdə saxlanıldıqdan sonra evə buraxılıblar", - deyə o bildirib.
Xatırladaq ki, Beyləqanda pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.