CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ot bahalaşıb: Aztəminatlılar bu il ət yeyə biləcəklərmi?

Fermerlər otun bahalaşmaqda davam edəcəyini deyirlər. Çünki gübrənin bahalığı və yağıntının az olması ot qıtlığı yaradıb.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Bu mövsümdə Azərbaycanda ot bahalaşıb. Qəbələdə təsərrüfatla məşğul olanlar Sputnik Azərbaycan-a bildiriblər ki, ötən illə müqayisədə bu il qiymətlərdə xeyli artım var. Belə ki, əvvəllər yoncanın bir bağlaması 3-5 manata satılırdısa, hazırda bu qiymət 4-6 manat, bəzən isə daha yüksəkdir.
Otun bağlaması 4 manat, saman isə 2 manatdır. Rayon sakini Fuad Babayev deyir ki, bahalaşmanın əsas səbəblərindən biri məhsuldarlığın az olmasıdır:
“Otub bir bağlamasını 4 manata aldım. Düzdür bahadır. Amma məcburam, nə edə bilərəm?! Heyvanlardan ötrü almağa məcburam. 200-300 bağlama alacağam. Bu il ot olmadı, ona görə də bahalıqdır”.
Tovuz rayonunda yerləşən ot bazarı
Satıcılar isə bu qiymət artımına 2 əsas səbəb göstərirlər: gübrənin bahalığı və yağıntının az olması.
“Bəli, qiymət artıb. Çünki, yoncaya gübrə verilir. Gübrənin qiymətində də fərq var. Bir həftədir ki, maşın buradadır. Ot bahadır deyə, alan yoxdur”, - ot satıcısı Sabir Hüseynov qeyd edib.
Digər satıcı Əyyub Atakişiyev isə ötən illə müqayisədə qiymətlərin artımını otun, yoncanın azlığı ilə əlaqələndirib. Onun fikrincə, səbəb mövsümün əvvəlində yağıntının az olmasıdır.
Qaxlı təsərrüfatçılar da qiymət artımını məhsuladrlığın aşağı olması ilə əlaqələndirirlər. Rayon sakini Elməddin Musazadənin sözlərinə görə, qiymətlər artmaqda davam edəcək:

“Keçən il 200 bağlama çıxan sahədən bu il 100, 120 ədəd almaq olur. Təbii otun qiyməti 2,50-3 manatdır. Ötən il isə 2–2,5 manat arasında idi. Görün hələ qışda qiymətlər necə olacaq”.

Qax sakini Elçin Əliyev isə deyir ki, bahalaşma ətin qiymətinə də təsirsiz ötüşməyəcək:
“Mən ötən il öz sahəmdən 600 bağlama ot biçmişdim. Bu il 350 ədəd oldu. Məcburam ki, qalanını pulla alım. Belə olan halda ətin qiymətində də artım qaçılmazdır. Bu artım xüsusən də qışda özünü göstərəcək”.
İqtisadçı ekspertlər isə bildirirlər ki, ətin qiymətinə təsir edən əsas amil xaricdən idxal olunan məhsullardır (yem və gübrə-red.). Otun bahalaşması isə buna qismən təsir edə bilər.
Ekspertlər real şəraitdə qiymət artımının təhlükəli olmadığını, ət və ət məhsullarının qiymətini bazarın tənzimlədiyini bildirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.