TƏHSİL

Bu məktəblərə direktor təyinatına start verilir

Ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlərin yalnız müsahibə mərhələsində iştirak edəcəyi bildirilir.
Sputnik
BAKI, 23 iyun — Sputnik. İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
Təhsil Nazirliyindən verilən xəbərə görə, müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional təhsil idarəsinə təqdim edə bilərlər.
Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Rəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseyi, arxiv şəkli
Ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, 2021-2022-ci tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.