BAKI, 23 iyun — Sputnik. Azərbaycan Dövlət Akademik Filarmoniyasında iyunun 23-də "Qarabağ rənglərinin musiqisi" adlı konsert keçiriləcək. Tədbir "4 fəsil" (ilin dörd fəsli) layihəsi çərçivəsində baş tutacaq. Bu barədə Sputnik Azərbaycan-a təşkilatçılar məlumat verib.
Tədbirdə əməkdar artistlər Fəridə Məmmədova (soprano), Yuliya Motorina (skripka), Rəna Rəhimova (alt), beynəlxalq müsabiqələr laureatları Ümidə Abbasova (skripka), Nəzrin Aslanlı (skripka), Orxan Hüseynov (violonçel), Stefano Muskaritolo (gitara), Səidə Tağızadənin (piano) çıxışları planlaşdırılıb.
Onlar müasir Azərbaycan bəstəkarları - Firəngiz Əlizadə, Elnarə Dadaşova, Cəlal Abbasov, Ədilə Yusifova, Kəmalə Əlizadə, Bikə Axundova və bir çox başqalarının əsərlərini ifa edəcəklər.
Baş tutacaq gecə çərçivəsində həmçinin təsviri incəsənət əsərlərinin satış-sərgisi də təşkil olunacaq. Əldə olunan bütün gəlir YAŞAT Fonduna köçürüləcək.
Layihə "BAKU" jurnalı, PAŞA Holdinq, Mədəniyyət Nazirliyi və "Arts Council Azerbaijan"ın təşkilatçılığı ilə ərsəyə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.