PAYTAXT XƏBƏRLƏRİ

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı keçirilir

Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq.
Sputnik
BAKI, 23 iyun — Sputnik. İyunun 23-də Bakıda maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə bankın Rəhbərlər Şurasının 24-cü illik toplantısı öz işinə başlayıb.
İllik toplantıda QDTİB-ə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edirlər.
Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.
Maliyyə naziri Samir Şərifov, arxiv şəkli
İyunun 24-də illik toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsinə QDTİB-in rolu" adlı biznes forum təşkil olunacaq.
Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq.
Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.