BAKI, 22 iyun — Sputnik. Əksəriyyəti Türkiyəyə məxsus olmaqla ümumilikdə 12 gəmi Ukrayna Silahlı Qüvvələri tərəfindən akvatoriyanın minalanması səbəbindən Xerson limanını tərk edə bilmir. Bunu TASS-a Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.
"Gəmilər mühafizə olunur, onların ekipajları təhlükə altında deyil. Limanda 12-yə yaxın gəmi var, əksəriyyəti Türkiyə gəmiləridir. Onların yanında heç nə yoxdur, tam mühafizə altındadırlar, heç nə onları təhdid etmir", - Stremousov bildirib.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna tərəfi daxili suların minalanması ilə əlaqədar Xerson limanında gəmilərin təcrid edilməsinə səbəb olub.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nəzarətində olan Ukrayna limanlarının minalardan təmizlənməsi üzrə işlərin başa çatması barədə məlumat verib:
"Başqa bir imkan da var (taxıl ixracı - red.). Bunlar Azov dənizinin limanlarıdır - Berdyansk, Mariupol bizim nəzarətimizdədir. Biz bütün bu limanlar vasitəsilə, o cümlədən Ukrayna taxılının problemsiz ixracını təmin etməyə hazırıq. Biz minatəmizləmə işlərini həyata keçirmişik, artıq başa çatdırırıq. Ukrayna qoşunları orada üç qat minalanma həyata keçiriblər. İşlər başa çatmaq üzrədir, lazımi logistikanı yaradacağıq. Buyurun, biz bunu edəcəyik".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.