CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tağı Əhmədovdan sələmə 2 milyon manat aldığını deyən şəxsin cəzası azaldılıb

9 il müddətinə azadlıqdan məhrum edilən Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib
Sputnik
BAKI, 22 iyun — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.
Bu barədə APA-ya ittiham olunan şəxsin vəkili Hafiz Ələsgərov xəbər verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Səadət Xəlilovun həbs müddətini 1 il azaldaraq 8 ilə endirib.
Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.
İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.
Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.