BAKI, 22 iyun - Sputnik. Post-pandemiya dövründə ölkə iqtisadiyyatının genişlənməsi, orta aylıq əmək haqqının yüksəlməsi, yeni iş yerlərinin açılması Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin artmasına öz müsbət təsirini göstərib.
Bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
O qeyd edib ki, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericilik aktlarının qəbul edilməsi DSMF-yə daxilolmaların həcminin əsaslı surətdə artmasını şərtləndirib və 2022-ci ilin ilk 5 ayında proqnoz göstəricilərinin yüksəlməsinə imkan yaradıb. Fondun gəlirlərinin artım tempi proqnoz göstəricilərinə yenidən baxılması zərurətini yaradıb.
Diqqətə çatdırılıb ki, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi tövsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırılıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönələcək. Qeyd olunub ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 4 milyon manat artaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur.
Komitə sədri Musa Quliyev bildirib ki, 2022-ci ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin tərkib hissəsi kimi “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişikliklərin edilməsi zərurətini yaradıb. Nəticədə, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib. Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, parlamentdə “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunlara dəyişikliklər müzakirə edilir.