BAKI, 22 iyun — Sputnik, İbrahim Kamiloğlu. Şəkinin Çayqaraqoyunlu kəndinin sakinləri həm məişətdə, həm də içməli su kimi çayın palçıqlı və lilli suyundan istifadə etməli olurlar. Buna səbəb 400 ailənin yaşadığı kəndin təmiz su mənbəyinin olmamasıdır.
Sakinlər də əlacsızlıqdan Əlican çayının suyundan içməyə məcbur olurlar. Kənd sakini Nağdəli İsayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, çayın suyundan həm heyvanlar, həm də insanlar istifadə edir.
"Yuxarı kəndlərdə mal-qaranı çaydan keçirirlər. Çox yararsız vəziyyətdə olur. Mal peyini, it leşi – hər cür zir-zibil olur. İndi su çox gəlir. Yaxşı ki, arada belə sel gəlir. Heç olmasa, su o zibilləri yuyub kənara çıxarır. Hələ buna da şükür edirik", - deyə Nağdəli İsayev bildirib.
Digər kənd sakini Zərqələm İsayeva isə deyir ki, əvvəlcə su qablara yığılır, sonra isə durulduqdan sonra istifadə olunur:
"Hələ indi su təmiz vəziyyətdədir. Yenə də buna şükür. Yayda çay tam quruyur. Həyətlərdə hovuz tikmişik. Maşınlardan pulla su alıb o hovuzları doldururuq", – kənd sakini vurğulayıb.
Şəkinin Çayqaraqoyunlu kəndində çay
© Sputnik / Ibrahim Hashimov
Gülxar Daşdıyeva isə deyir ki, suyun bu cür vəziyyəti olması müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.
"Tərkibini yoxlasalar, cürbəcür xəstəliklər üzə çıxar. Kənddə malyariya, bruselyoz xəstələrikləri yayılır. Həkimə müraciət edirik, o da deyir ki, bu xəstəliklər istifadə etdiyiniz sudandır".
Çayqaraqoyunlu sakini Oruc İsrafilovun sözlərinə görə, bir neçə il əvvəl problem qismən həll edilsə də, nəticə uzunömürlü olmayıb:
Şəkinin Çayqaraqoyunlu kəndində çay
© Sputnik / Ibrahim Hashimov
"Bir neçə il əvvəl kəndin su problemi Yaponiya dövlətinin layihəsi əsasında çəkilən su xətləri hesabına həll olundu. Lakin sonradan həmin xətlər yararsız vəziyyətə düşdü. Bir daha da təmir edilmədi və acınacaqlı vəziyyətdə qaldıq".
Məsələ ilə bağlı Çayqaraqoyunlu kəndinin daxil olduğu Turan bələdiyyəsindən Sputnik Azərbaycan-a bildirildi ki, həmin yaşayış məntəqəsində mərkəzləşmiş layihə əsasında su xətti yoxdur və bunula bağlı da aidiyyəti qurumlara rəsmi müraciət olunub.
"Azərsu" ASC-nin regional idarəsindən isə məsələ ilə bağlı məlumat verildi ki, həmin kənddə içməli su layihəsi olmadığına görə qurumun xidmət sahəsində daxil deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.