CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyvan ətinə çəkilən xərc azalacaq

Azərbaycan hökuməti antiinflyasiya qərarı qəbul edib.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Nazirlər Kabineti "Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası"nda dəyişikliklər edib.
Qərarda heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı, vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərin azaldılması təmin edilib.
Dəyişikliyə əsasən, identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.
Əvvəlki qaydalara əsasən, hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə "baytarlıq pasportu" və "identikləşdirilmə haqqında şəhadətnamə" verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulmuşdu.
Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.
Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək.
Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.
Qeyd edək ki, baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.