BAKI, 22 iyun — Sputnik. Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin banklardakı əmanətləri 10,593 milyard manata çatıb.
APA-nın xəbərinə görə, bu rəqəm 2022-ci ilin dörd ayı ilə müqayisədə 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə 22,6% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin eyni dövründə əhalinin banklardakı depozitlərinin həcmi 8,635 milyard manat təşkil edib.
AMB-nin məlumatına görə, 5 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 15,2% - 4 milyard 364,7 milyon manatadək və ya bütün əmanətlərin 41,2%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Mayda əhalinin xarici valyutada bank əmanətləri 4,7% və ya 198,8 milyon manat artıb.
Yanvar-may aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 14,2% - 6 milyard 228,6 milyon manatadək (bütün əmanətlərin 58,8%-i) artıb. May ayında milli valyutada əmanətlərin həcmi 1,9% və ya 118,9 milyon manat azalıb.
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 759,9 milyon manat, qeyri-rezidentlərin – 833,4 milyon manat təşkil edir. Yanvar-may aylarında rezidentlərin əmanətlərinin həcmi 9,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,8 dəfə artıb. May ayında rezidentlərin əmanətlərinin həcmi 5,3 milyon manat, qeyri-rezidentlərin isə 83,2 milyon manat artıb.
2022-ci il mayın 31-nə banklarda əmanət və depozitlərin həcmi 32 milyard 25,3 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,3% çoxdur. Mayda banklarda əmanət və depozitlərin həcmi 3,7% və ya 1 milyard 134,9 milyon manat artıb.