BAKI, 21 iyun — Sputnik. İşğaldan azad olunmuş ərazilərə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, 30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin Sarıyer, Söyüdlü, Qoşdaş yaylaqlarına köç edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki, qoyunçuluq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü təşkil olunur.
Yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinq
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Qeyd olunur ki, Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Kəlbəcər və Laçın yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirirlər.
Monitorinqlərin keçirilməsində məqsəd yaylaqlardakı sürülərin ümumi vəziyyətinə baxış keçirmək və müalicəyə ehtiyacı olan heyvanlara yerində baytarlıq yardımı göstərməkdir.
Baytar həkimlər qrupunun iştirakı ilə ilk monitorinq Kəlbəcər rayonunun Sarıyer yaylağında keçirilib.
Yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinq
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Azad olunmuş ərazilərə köçlə əlaqədar təsdiqlənmiş reqlamentə əsasən, yaylaqlara gedəcək sürülərdə heyvan xəstəliklərinin profilaktikası ilə əlaqədar müvafiq preventiv tədbirlər həyata keçirilib. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləndikdən sonra heyvanların köçünə icazə verilib.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev bildirib ki, təsərrüfatlarda bütün baytarlıq tədbirləri, o cümlədən peryvəndləmə işləri həyata keçirilib:
"Köç ərəfəsində preventiv tədbirlər tam şəkildə başa çatdırlıb. Heyvanlara xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq, qarayara və digər xəstəliklərə qarşı vaksinasiya işləri aparılıb. Sürülər yaylağa qalxmazdan əvvəl heyvanlar üzərində olan qan-parazitar xəstəlik daşıyıcılarının yaylaqlara daşınmasının qarşısını almaq üçün xüsusi yuyulma vannalarından keçirilib. Həkim heyəti sürülərin ümumi vəziyyətinə baxış keçirir. Heyvanlar ümumi müayinədən keçirilir, müalicəyə ehtiyacı olan heyvanlara baytarlıq yardımı göstərilir. Hesab edirik ki, Kəlbəcər yaylaqlarının təbiəti, zəngin ot ehtiyatı, minerallarla zəngin suları bu təsərrüfatlarda məhsuldarlığın artmasına kifayət qədər təsir göstərmiş olacaq".
Ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcər yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edilmişdi. Bu il isə yaylaqlara 300 mindən çox heyvan aparılıb. 2022-ci ildə azad olunmuş bütün ərazilərdən olan rayonların fermerlərinə öz qoyunçuluq təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib.
Yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinq
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Hazırda Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.