AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərimiz müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, iyunun 19-u günorta saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutmuşdu.
Daha əvvəl isə iyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.