CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya bazarlarına gündəlik 200 tona yaxın məhsul təkcə bu kənddən gedir

Kür sahilində yerləşən bu kənd illərdir yerkökü istehsalı üzrə ixtisaslaşıb
Sputnik
BAKI, 20 iyun — Sputnik. Tovuzun Hunanlar kəndi illərdir qərb bölgəsində yerkökü istehsalı üzrə ixtisaslaşıb. Onlar becərdikləri məhsulu yerli bazarlarla yanaşı xaricə, xüsusən də Rusiya və Belarus bazarlarına ixrac edirlər. Təsərrüfatçılar bu il məhsulun bol olduğunu söyləyirlər. Hazırda yığımı gedən tərəvəzin kiloqramı yerində 60-70 qəpikdən satılır. Bu, keçən ilkindən bir qədər artıqdır. Lakin bitkinin becərilməsində istifadə edilən gübrələrin və toxumun baha olmasının artıq xərc çəkmələrinə səbəb olduğunu deyilir.
Kənd sakini Allahverdi Məmmədov istehsal üçün lazım olan gübrələri çox vaxt alıb çatdıra bilmədiklərini söyləyib:
Allahverdi Məmmədov
“Gübrələr bahadır. Fəhlə haqqı bahadır. İl uzunu işləyib satırıq, axırda baxırıq ki, əlimizdə bir şey qalmır. Dövlət bizə gübrələrdə bir qədər güzəşt etsə, gözəl olar. Əsas istifadə etdiyimiz amofosun bir kisəsinin qiyməti 100 manatdır. Digərləri 50-60 manat arasında dəyişir. Bunları alıb çatdıra bilmirik. Üzərinə çəkdiyimiz sellofanın bir topu 90 manata qalxıb. 10 sot yerə 4-5 top sellofan gedir. Bunların hamısı əlavə xərcə səbəb olur”.
Digər təsərrüfatçı Əjdər Abdullayev yerkökü toxumunun da hər il bahalandığını dilə gətirib:
“600 qramlıq toxumu 300 manata verirlər. İldən ilə də bahalanır. Dərmanı, gübrəsi də onu kimi. Həmişə 25 manata aldığımız kisə indi 60 manata olub. Hər il 18-20 kisə azot işlədəndə görün pulu hara vurub çıxır”.
Tovuzun Hunanlar kəndində yerkökü təsərrüfatı
Yerkökünün satışa hazırlanması da əziyyətli prosesdir. Məhsul sahədən gətirilərək yüksək təzyiqli su ilə yuyulur. Tam quruduqdan sonra isə qablaşdırılır. Xaricə yola salındığından kisələr də tam bağlanmır, hava üçün yerlər qoyulur. Yığım da asan keçmir. Belə ki əkin sahələrində yetişən bitkinin dibinə öncə su axıdılır və beləliklə də onun çıxarılması nisbətən asanlaşır. Uzun illərdir yerkökü becərən sakinlərdən biri Eldar Abdullayev yığım haqda məlumat verib:
“Məhsuldarlıq yaxşıdır, ürəyimiz istəyəndir. Satışı da pis deyil. Yığım üçün beş-on nəfər fəhlə tuturuq. Onun da hərəsinə günəmuzd 20 manat veririk. Sahədən evə gətirməyinə 40-50 manata kimi xərcimiz çıxır. Evə gətirdikdən sonra artıq yuyub təmizliyib alıcıya təhvil veririk”.
Tovuzun Hunanlar kəndində yerkökü təsərrüfatı
Təsərrüfatçılar pandemiya ilə əlaqədar ötən mövsümdə bazara məhsul çıxarmaqda çətinlik yaşasalar da, bu il mənzərə fərqlidir. Yük maşınları günlərdir kənddədir. Məhsul yüklənib maşınlar dolduqdan sonra xaricə yolla salınır. Bu həm də təsərrüfat sahiblərinin işini xeyli asanlaşdırır. Uzağa getmədən məhsulu elə həyətlərdə alıcıya təhvil verirlər. Yığım vaxtı gündəlik təxminən 200 ton yerkökü bazarlara çıxarılır.
Alıcılarla söhbət zamanı bildirilib ki, hazırda maşınları sərhəddi keçmələrində əvvəlki illərdəki kimi əngəllə rastlaşmırlar. Alıcı Sabutay Alıyev məhsul təravətini itirmədən xarici bazarlara çatdırıldığını söyləyib:
Sabutay Alıyev
“Gündəlik 10 ədəd 20 tonluq TIR-larla məhsul yola salırıq. Əsasən Rusiya bazarlarına yönləndiririk. Pis deyil, vəziyyət yaxşıdır. Burada 60-70 qəpik civarında alırıq. 7-8 maşın Rusiyaya, bir-iki maşın isə rayon bazarlarına çıxır. Proses belə iyunun sonlarınadək davam edəcək. Sonra seyrəlmə olacaq yavaş-yavaş".
İndi yığımı aparılan yerkökü payızda torpağa səpilir. Qışda şaxtadan qorumaq üçün üzərinə sellofan örtük çəkilir. Yazda havalar isindikdə, həmin örtük götürülür və günəş şüaları altında inkişaf edir. İnsan orqanizmi üçün xeyirli , eyni zamanda gəlirli bitki olan yerkökünün yığımı yayın ortalarına qədər davam edir.