BAKI, 20 iyun — Sputnik. May ayında Rusiya neftinin Çinə ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq Səudiyyə Ərəbistanını üstələyib və Rusiyanı ölkənin ən böyük neft tədarükçüsü edib. TASS xəbər verir ki, bu barədə "Reuters" agentliyi Çin gömrük idarəsinin məlumatlarına istinadən bildirib.
Məlumata görə, may ayında Səudiyyə Ərəbistanı Çinə sutkada 1,84 milyon barel neft, Rusiya isə Şərqi Sibir - Sakit Okean (ESPO) boru kəməri və dəniz nəqliyyatı vasitəsilə tədarük də daxil olmaqla, təxminən 1,98 milyon barel neft tədarük edib.
"Reuters"in xəbərinə görə, gömrük məlumatları göstərir ki, Rusiya Qərbin sanksiyalarına baxmayaraq, öz neftinə alıcı tapa bilir.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.