BAKI, 21 iyun — Sputnik. Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində götürülüb.
Bununla bağlı məsələ "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" yenilənmiş qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu ilin 5 ayında "AzeriLight" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub.
Bu ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və əmtəə bazarlarının dinamikası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır.
Qeyd edək ki, əvvəlki qanun layihəsində neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdü.
Xatırladaq ki, bu gün dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,56 dollar artaraq 113,68 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,02 dollar bahalaşaraq 109,58 dollar olub.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 128 dollara yaxın olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,21 dollar və ya 0,94% azdır.
Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib
Komitə sədri Tahir Mirkişili deyib ki, cari ilin beş ayında Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib.
Onun sözlərinə görə, bu, eyni zamanda, qazın qiymətindəki sıçrayışla bağlıdır: "Tədiyə balansında bu ilin ilk 3 ayında neftdən əldə olunan gəlir 3,8 milyard ABŞ dollarına yaxınlaşsa da, qaz ixracından gəlirlər 3,5 milyard dollara yaxın olub".