BAKI, 20 iyun — Sputnik. "Zəngilanın Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar". Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter" hesabındakı paylaşımında qeyd edib.
"Tezliklə Qarabağdan və digər yerlərdən qaçmağa məcbur edilmiş bir çox ailələr 30 il sonra ilk dəfə Ağalıdakı evlərinə qayıda biləcəklər. Bu işğal zamanı evlərini itirənlər üçün önəmli andır və məhəllələrin yenidən inşasında 1-ci addımdır", - deyə Leyla Abdullayeva qeyd edib.
Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.
Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Oktyabrın 20-də Zəngilan şəhəri, 28-də isə İkinci Ağalı kəndi erməni işğalçılarından təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.