CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qida tullantılarına görə restoranlar cərimələnə bilərmi?

Qida üzrə ekspert bildirir ki, restoranlarda həddindən artıq qida tullantılarına yol verilir.
Sputnik
BAKI, 19 iyun — Sputnik. Bəzi ölkələrdə ərzaq və qida məhsullarını tullayanlar cəzalandırılır. Artıq İspaniyada da bununla bağlı qanun layihəsi irəli sürülüb. Qanun layihəsinə görə ərzaq və qida məhsullarını tullayanlar 500 min avroyadək cəzalanacaq
Belə bir qanun layihəsinin hazırlanmasına səbəb isə aparılan araşdırmaların nəticəsində ortaya çıxan rəqəmlər olub. Belə ki, araşdırmaların nəticələrinə görə, İspaniyada hər il ev təsərrüfatları 1,3 milyard kq, yaxud adambaşına orta hesabla 31 kq ərzaq, yemək tullayır.
Qida üzrə ekspert Ağa Salamov bildirib ki, restoranlarda həddindən artıq qida tullantılarına yol verilir. Xüsusən də çörək israfı gözlə görüləcək həddədir: "Rusiya və Ukrayna arasında münasibətlərin gərgin olduğunu və bunun da buğda istehsalı və qiymətlərə təsirini nəzərə alsaq, daha ehtiyatlı, tədbirli olmalıyıq. Tullantılara yol verməməliyik. Bunun üçün hotel və restoranlarda qidalara nəzarət olmalı, xüsusi menyular tərtib olunmalı, müəyyən olunmalıdır ki, yüz nəfəri nə qədər çeşid və qida ilə təmin etmək olar. Bu məsələni elə tənzimləmək lazımdır ki, nə ət, nə toyuq, nə də ki, digər məhsullardan geri dönüş olsun".
O bildirir ki, hazırda əksər ictimai-iaşə müəssisələrində nəzarət aşağı səviyyədədir və bu səbəbdən də israfçılıq yüksək həddədir.
"Ümumiyyətlə, menyunun qiyməti artdıqca, israfçılıq da artır. Zəngin menyular israfçılığa səbəb olur. Bunun qarşısını almaq üçün menyulara nəzarət formalaşmalıdır. Bu bir sistem halında da ola bilər", - deyə o əlavə edib.
Ekspert deyir ki, ümumiyyətlə, bazar araşdırılmalı və nə qədər məhsulun tullanıldığı öyrənilməlidir: "Bakıda elə bir yer var ki, menyusu 250 manatdır. Fiziki olaraq mümkün deyil ki, bir adam bu qədər qida istehlak etsin. Axı bir müştəri nə qədər qida istehlak edə bilər?".
"Sadəcə göz oxşamaq, süfrələrin yeməklərlə bəzədilməsi üçün edilir. İnsanlar ada görə bu cür menyuları tərtib etdirirlər. Təəssüflər olsun ki, qida tullantılarına görə heç bir ictimai-iaşə müəssisəsinin rəhbəri cəzalandırılmır. Baxın, bu problemdən xilas olmaq üçün qida israfının qarşısı alınmalı, o düzgün bölüşdürülməlidir. Düşünürəm ki, bu onun qarşısını almaq üçün cərimələr yeganə çıxış yolu deyil. Problemdən çıxış yolu odur ki, menyular düzgün tənzimlənməli, standartlaşdırılmalıdır".
Dünya əhalisinin sayının artması bəzi ölkələrdə israfçılığa, bəzi ölkələrdə isə aclığa səbəb olur. Avstraliya, ABŞ və Türkiyə qida tullantısına görə dünyada ilk üçlükdə qərarlaşıb. Yalnız Avropa İttifaqında illik 88 milyon ton qida tullantısı əmələ gəlir.
BMT-nin hesablamalarına görə, dünyadakı illik qida tullantısı ilə 815 milyon ac insanı doyurmaq mümkündür.
Bəzi ölkələrdə restoranlarda qidaların tullantısı qadağandır. Bunun üçün müştərilər cərimə olunurlar. Artıq bununla bağlı olaraq Çin də qərar qəbul edib. Bəzi ölkələr isə qida tullantılarından gübrənin hazırlanması prosesində istifadə edirlər. Bu məqsədlə orqanik gübrələr də istehsal olunur.
Qida tullantılarının geri çevrilməsi ilə ətraf aləmin çirklənməsinin də qarşısı alınmış olur. Çünki qida tullantıları həm də gərəkli, faydalı torpaq qatının yoxa çıxması hesab edilir. Bu qida tullantılarından gübrə məqsədilə istifadə etməklə həm də torpaq qatının daha da zənginləşməsinə nail olmaq olar.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, tullantı qidalar bir ölkə olsaydı, istixana qazı emissiyalarına görə dnyada ABŞ və Çindən sonra üçüncü olardı. Bu problemə ən böyük töhfəni kim verir? İnkişaf etmiş ölkələrdə xüsusən qida tullantılarının həcmi daha çox olur. Bu gün xüsusən də Amerikda qida tullantılarının həcmi yüksək səviyyədə qalır.
Dünyada qida tullantılarından müxtəlif məqsədlər üçün istifadə olunur. Statistikaya görə, illik olaraq 20 milyon ton qida zibil olaraq tullanır.
Qida tullantılarının həcmini azaltmaq, tullantıları faydalı şəkildə idarə etməklə həm də yeni iş yerləri yaratmaq, enrjiyə qənaət etmək və iqlim dəyişikliyinin qarşısını almaq mümkündür.
Azərbaycandakı vəziyyətə gəlincə, ölkəmizdə illik olaraq adambaşına 93 kiloqram qida zibilliyə atılır. Bu barədə BMT-nin Qida Tullantısı İndeksi adlanan bu il açıqlanan hesabatında məlumat verilib. Hesabata görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə, Azərbaycan bir çox ölkələri geridə qoyub.
Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərcləri məhz ərzaq məhsullarına çıxır. Dövlət Statistika Komitəsinin məlumatı da bunu təssdiqləyir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclərdəki payı isə 48,6 faiz olub.
BMT-nin son açıqlanan hesabatına görə, il ərzində 931 milyon ton qida məhsulu zibil kimi tullanır. Bu isə illik qida məhsullarının 17 faizinin israfı deməkdir.
Hesabatda həmçinin qeyd olunub ki, dünyada 690 milyon insan aclıqdan əziyyət çəkir.
Qeyd edək ki, İspaniyada irəli sürülən qanun layihəsi ilə bağlı bildirilir ki, ərzaq zəncirinin bütün iştirakçıları tullantıların qarşısını almaq üçün qanun layihəsinin hazırlanmasına cəlb edilməlidir. Qaydalara əməl etməyən barlar, restoran və supermarketlər cəzalandırılacaq. Qanun layihəsinə əsasən, yemək üçün yararsız olan ərzaq məhsullarından şirələr və cemlər hazırlamaq olar. Variant olaraq onlardan heyvanlar üçün yem hazırlamaq da təklif olunur. Qaydalara əməl etməyənlər 2 000 – 60 000 avroyadək cərimə olunacaq. Normalar təkrar pozularsa, o halda cərimənin məbləği 500 milyon avroya çata bilər. Bu qaydaların adi insanlara tətbiqi nəzərdə tutulmur.