BAKI, 19 iyun — Sputnik. "Bakı Tekstil Fabriki" MMC yeni məktəbli forması istehsal etməyə hazırdır. İlkin mərhələdə 10 min ədəd məktəbli formasının istehsalı nəzərdə tutulu. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva məlumat verib: "Biz məktəbli forması istehsalı ilə bağlı Təhsil Nazirliyi və Nazirliyin yanında İctimai Şura ilə görüş keçirmək istəyirik. 10 min ədəd məktəbli forması istehsal etməyi düşünürük. Müəssisəmizin məktəbli forması istehsalı ilə bağlı geniş təcrübəsi var. Xammal ehtiyatı ilə bağlı problemimiz yoxdur".
Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlara hələki yeni məktəbli forması istehsalı ilə bağlı sifariş gəlməyib. O, bildirib ki, rəng məsələsi ilə bağlı məktəblərlə razılaşdırıldıqdan sonra istehsala başlanılacaq: "İlkin mərhələdə ağ- göy və qəhvəyi-dəri rəng məktəbli formaları istehsal etməyi düşünürük. Amma köhnə formadan da istehsal olunacaq".
Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, vahid məktəbli formasına tədricən keçiləcək.
Nazir bildirib ki, qaydanın məqsədi daha çox məktəbli formaları ilə bağlı qərar verdikdə hansısa seçimə şərait yaratmaqdır: “Hesab edirəm ki, vahid məktəbli formasına keçid tədricən olacaq. Təbii ki, əhalinin sosial vəziyyətini nəzərə alırıq və bu istiqamətdə addım-addım getmək istəyirik. Şagirdlərin vahid və müxtəlif çalarları olan məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində istər müəyyən sosial bərabərsizliklərin görülməsinə, istərsə də davranış dəyişikliklərinə təsirini göstərmiş olacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən Azərbaycanda "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" təsdiq edilib. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək.
Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:
Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;
Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;
Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.