CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank kartınızın fotosunu kiməsə atmayın - Əks halda vəsaitiniz oğurlanacaq

Təhlükəsizlik öz əlimizdədir, ani diqqətsizlik kart hesabındakı bütün vəsaitlərin silinməsinə səbəb ola bilər
Sputnik
BAKI, 19 iyun — Sputnik. Son günlər onlayn yollarla bank hesablarındna müxtəlif məbləğlərdə vəsaitlərin çəkilməsi məsələsi gündəmdədir. Bununla bağlı Daxili İşlər Nazirliyi də mütəmadi olaraq məlumat paylaşıb. DİN-in son paylaşdığı məlumata görə, bank hesabından 383 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Almasi müəyyən edilərək saxlanılıb.
Bəs banklar nə tövsiyə edir?
"Kapital Bank"dan bildirilib ki, onların tərəfindən hər zaman dələduzluğa mübarizə aparılır: "Bununla bağlı "Kapital Bank" müştəriləri üçün hazırladığımız strategiya və tövsiyələr də var.
Nə etmək lazımdır?
"Kapital Bank" bildirir ki, sadə qaydalara riayət etməklə bank dələduzlarından qorunmaq olar: "Nağdsız ödənişə keçidin bir çox üstün xüsusiyyətləri var. Lakin əfsuslar olsun ki, kart sahibləri hesablarında olan vəsaitin təhlükəsizliyinə bəzən dırnaqarası baxırlar. Bu səbəbdən də “Kiber cinayətkarlıq” termini son vaxtlar ölkənin gündəmini zəbt edib. Xüsusən də son aylar ərzində müəmmalı nömrələrdən edilən zənglər, göndərilən SMS-lər bank müştərilərinin dələduzların qurbanına çevrilməsi ilə nəticələnir. Əsasən müasir texnologiyalardan uzaq olan insanlar konfidensial kart məlumatlarını dələduzlara bildirməklə, hesablarında olan vəsaitin ələ keçirilməsinə şərait yaradırlar".
"Kapital Bank" dələduzluq hallarının aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Lakin bu istiqamətdə müştərilərimizdən də müəyyən addımlar gözləyirik. Heç kimlə, hətta ən yaxın tanışları, qohumları ilə belə kart məlumatlarını paylaşmamaq lazımdır. Card-to-card köçürməsi üçün kartın üz tərəfinin fotosunu göndərməyə də ehtiyac yoxdur. Sizə pul göndərən şəxsə 16 rəqəmli PAN nömrəni yazmaq və ya Birbank-da kartın QR kodunu generasiya edib göndərmək kifayətdir", - deyə bankdan verilən məlumatda bildirilib.
Dələduzlar hansı yollarla aldadırlar?
Bankdan bildirilir ki, dələduzlar əksər hallarda özlərini bank nümayəndəsi kimi təqdim edir və konfedensial kart məlumatlarını tələb edirlər: "Qeyd edirlər ki, bu məlumatlar təqdim edilmədiyi təqdirdə kart bloka salınacaq. Bu zaman heç də təşvişə düşməyə ehtiyac yoxdur. Heç bir halda bank nümayəndəsi kart məlumatlarını müştəridən tələb etmir. Amma yenə də kart bloka düşərsə, buna görə də narahat olmaq lazım deyil. Rəqəmsal banka, məlumat mərkəzinə və ya filiala müraciət etməklə kartı asanlıqla blokdan çıxarmaq olur".
Kim məsuliyyəti üzərinə götürür?
Bankdan verilən məlumatda bildirilir ki, ümumiyyətlə, dələduzluq əməliyyatları üzrə məsuliyyət beynəlxalq ödəniş sistemlərinin qaydaları ilə tənzimlənir. Kart vasitəsilə ödəniş əməliyyatlarında satıcı və alıcı iştirak edir. Satıcı qismində POS terminal və ya veb sayt ola bilər. Əməliyyatın aparılması şərtlərindən asılı olaraq ödəniş üzrə məsuliyyətin kimin üzərinə düşdüyü təyin edilir. Yəni ödəniş zamanı sayt tərəfindən müştəridən 3DSecure şifrə istənilirsə və dələduz bu şifrəni düz daxil edərsə, artıq bütün məsuliyyət müştərinin üzərinə düşür.
Qurban nə etməlidir?
Belə hal baş verərsə, dərhal kartı bloklamaq, sonra isə banka müraciət etmək lazımdır. "Kapital Bank"dan verilən məlumatda bildirilir ki, bank əməkdaşı kartın sahibinə dələduzların əməliyyatı və silinmə platforması barədə məlumat təqdim edir. Sonra həmin məlumatlarla birgə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır: "Əməliyyat veb saytlarda 3Dsecure şifrənin daxil olunması ilə baş verdiyi təqdirdə isə beynəlxalq ödəniş sistemlərinin qaydalarına əsasən vəsaitlərin geri qaytarılması mümkün olmur".
"Əksinə, əməliyyat 3DSecure yoxlanışını dəstəkləməyən saytda baş verərsə, əməliyyat üzrə məsuliyyət satıcının üzərinə keçir. Bu hallarda ödənişlərin geri qaytarılması baş tuta bilər. Qeyd edək ki, dələduzların qurbanlarına çevrilən bir sıra müştərilərin pullarını geri qaytarmaq mümkün olub", - deyə verilən məlumatda bildirilib.
"Kapital Bank" bir daha ödəniş kartlarının sahiblərinə müraciət edərək bildirir ki, nəinki kartların üzərində olan məlumatları, həmçinin SMS vasitəsilə göndərilən 3Dsecure şifrəni heç bir halda üçüncü tərəfə ötürməsinlər.
Bankdan verilən məlumatda bu kimi halların kütləvi olmadığı bildirilib.
"Yelo Bank"dan isə bildirilib ki, son gülərdən hesablardan məlumatların oğurlanması ilə bağlı hansısa şikayətlər əldə etməyiblər: "Digər banklar kimi biz də SMS vasitəsilə müştərilərə xəbərdarlıq mesajı yollayırıq. Daim qeyd edirik ki, OTP şifrəsi yalnız sizə məxsusdur və bunu hətta bank nümayəndəsi ilə də paylaşmayın".
"Dələduzlar bank hesabının adına bənzər "fake" hesablar açırlar və lotereyada qalib gəldiklərini bildirərək kart məlumatlarını tələb edirlər. Təəssüf ki, müştərilər də bu təkliflərə aldanırlar. Yaxud da özünü bank nümayəndəsi kimi təqdim edərək bildirirlər ki, sizin kartınızdan vəsait çıxartmaq istəyirlər, zəhmət olmasa kart məlumatlarınızı təqdim edin. Onlar təklif olaraq bildirirlər ki, SMS göndərəcəklər və gələn mesajdakı OTP kodu kart sahibi qarşı tərəfə açıqlamalıdır".
"Müştərilər bilməlidir ki, kart məlumatları yalnız 16 rəqəmdən ibarət deyil. CVV və kartın isitfadə müddəti ilə bağlı məlumatlar, göndırilən şifrə də kənar şəxslərlə bölüşülməməlidir", - deyə verilən məlumatda bildirilib.
Qeyd olunub ki, kart məlumatlarının təhlükəsizliyinə görə ilk olaraq müştəri cavabdehdir: "Yəni öz təhlükəsizliyimiz öz əlimizdədir. Qarşı tərəfə kartın şəklini atmaq olmaz, Sadəcə olaraq 16 rəqəmi demək kifayətdir ki, kartdan karta pul köçürülsün.