VİDEO

Lənkəranlı müəllimə şəhid övladları üçün Amiqurumi oyuncaqları toxuyur

Lənkəranın Osakücə kənd sakini, ixtisasca ingilis dili müəlliməsi olan Gülay Fərzullayeva maraqlı formada oyuncaqlar hazırlayır. Ətraflı - videomuzda.
Sputnik
Hazırda Lənkəran rayonu Osakücə kənd Körpələr evi-uşaq bağçasında tərbiyyəçi müəllimə işləyən Gülay xanım oyuncaqları toxuma üsulu ilə hazırlayır. Toxumanı isə o Rusiyada yaşadığı müddətdə öyrənib:
“Rusiyada yaşadığım müddətdə, yaşadığımız binanın gözətçi yaşlı xanım var idi və o mənə toxumağı öyrətdi. Həmin vaxt corab, şərf və əlcək toxuyurdum. 10 il keçəndən sonra isə oyuncaqlar toxumağa başladım. Bir dəfə sosial şəbəkələri izləyərkən saplarla toxunmuş tülkü oyuncağı qarşıma çıxdı. Onu görən kimi mənim toxumağı bacardığımı xatırladım. Oyuncağı toxumağa bir ay sərf edəcəyimi qarşıma məqsəd qoydum. 15 günün tamamında artıq ilk toxuduğum dovşan artıq hazır idi. Həmin oyuncağı hələ də saxlayıram, baxmayaraq ki, bir qədər səliqəsiz alınıb. Ondan sonra sifarişlərim oldu. İşimi dayandırmadım. Bunlar Amiqurumi oyuncaqları adlanır. Mən internetdə baxıb sxemlərini yazıram, sonra öz əlavələrimlə toxuyuram”.
Gülay xanım oyuncaqları tək mil ilə toxuyur və oyuncaqların ölçüsündən asılı olaraq onlara vaxt sərf edir:
“Bir oyuncaq, ölçüsü kiçik olarsa 4 günə, böyük ölçülü oyuncaq isə 1 həftəyə başa gəlir. Əgər bir oyuncağı görəndə xoşuma gəlirsə, onu əvvəlcə özüm üçün toxuyuram. Elə bil öz marağım, bu işimi daha da inkişaf etdirmək üçün toxuyuram. Kimsə bəyənərsə, ondan sonra sifarişlər qəbul edirəm. Bu sənət ilk növbədə mənim üçün hobbidir. Hobbidən savayı biznes tərəfi də var. Ancaq bu sənətdə daha çox irəliləmək, daha çox yeniliklər əldə etmək istəyirəm. Məsələn, oyuncağın əli, qulağı, ayaqlarını ayrı-ayrı toxuyuram, sonra hamısını birləşdirib oyuncağı ərsəyə gətirirəm. Oyuncaqların rənglərini zövqümə uyğun özüm seçirəm. Yaxud kimsə sifariş edəndə rənglərini deyirlər mən də toxuyuram. Gözlərini toxunmada xüsusi olaraq istifadə olunan və uşaqlar üçün təhlükəsiz gözlərdən istifadə edirəm. Dodaqlarına və burnuna isə yalnız saplardan istifadə edirəm. 30-38 sm oyuncaqların ərsəyə gəlməsi üçün 10-15 manat vəsait lazımdır. Kiçik ölçülü oyuncaqlar üçün isə lap az vəsait tələb olunur. Məsələn, elə oyuncaq var ki, ona bütün saplar istifadə olunmur. Əlimdə olan yarımçıq, artıq qalan saplardan onları toxuyuram”.
Gülay Fərzullayeva təkcə oyuncaq toxumur:
“Toplar toxuyuram, həmçinin şərf, papaq. İndi yay mövsümüdür deyə həm sifariş verən yoxdur, həm də özüm toxumuram. Çantaların sxemlərini yazmışam və toxumaq istəyirəm. Dediyim kimi bir ildir bu işlə məşğul oluram. Özüm üçün toxuduqlarımın şəkillərini sosial şəbəkələrdə paylaşıram, ondan sonra sifariş əsasında oyuncaqlar toxuyuram. Qiymətləri isə 15-30 manat arası dəyişir”.
Gülay xanım toxuduğu oyuncaqlarını həmçinin uşaqlara hədiyyə edir:
“Toxuduğum oyuncaqları uşaqlara hədiyyə etməyi çox sevirəm, onların verəcəyi reaksiya, o sevinci görmək məni ruhlandırır, daha da həvəsləndirir. Toxuduğum oyuncaqlar şəhid övladları üçün pulsuzdur. İstədikləri oyuncağı sifariş edə bilərlər. Mən onlar üçün sevə-sevə, böyük fəxrlə toxuyaram”.