AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın strateji valyuta ehtiyatları 54.2 milyard dollara çatıb

Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. İlin sonunadək neftin qiyməti 100 dolları üstələyəcək
Sputnik
BAKI, 18 iyun - Sputnik. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarının cari və ortamüddətli dövr üzrə tarazlığını dəstəkləyir.
Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.
Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilib. Bu təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılıb. Belə ki, I rübdə cari əməliyyatlar balansında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınıb. "Brent" markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil edib. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcək. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur.
Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 mlrd. ABŞ dollarına yüksəlib.
Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil edib. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib.