İQTİSADİYYAT

Azərbaycanda tibbi maska istehsal edən zavod 4 istehsal xəttini dayandırıb - Eksklüziv

Səkinə Babayeva bildirib ki, hər istehsalı xətti günlük 150 min tibbi maska istehsal edir.
Sputnik
BAKI, 18 iyun — Sputnik. Azərbaycanda tibbi maska istehsal edən istehsal xətlərindən dördünün fəaliyyəti dayandırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva məlumat verib.
O, bildirib ki, buna səbəb tibbi maska istehsalına ölkəmizdə təlabatın azalmasıdır: "Hal-hazırda 10 milyon xammal ehtiyatı, 5 milyon istehsal edilmiş tibbi maskamız var. Tibbi maska strateji məhsul olduğundan, müəssisəmiz tibbi maska istehsalı üçün iki istehsal xətini saxlayıb. Hər istehsalı xətti günlük 150 min tibbi maska istehsal edir. Bu da 300 min tibbi maska deməkdir. Lakin tibbi maska istehsalını tamamilə dayandıra bilmərik. Çünki, dünyada müxtəlif viruslar peyda olur. Bütün bunlara müəssisəmiz hazırlıqlı olmaldıır".
S. Babayeva deyib ki, pandemiya dövründə müəssisədə tibbi maska istehsal edən 6 xətt fəaliyyət göstərib: "Biz həmin xətlərdən ikisini saxlayıb digər dörd xətti isə yeni məhsula çevirməyi düşünürük. Yaxın günlərdə bunun hansı məhsul olduğu barədə ictimaiyyətə açıqlama verəcəyik".
Babayeva əlavə edib ki, dünyanın hər yerində tibbi maska istehsalı azalıb.
Qeyd edək ki, 2020-ci ilin aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib.
İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edib.
Məlumat üçün bildirək kİ, bu ilin beş ayında Azərbaycanda istehsal olunun tibbi maskaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci il yanvar-may aylarında 16,5 milyon tibbi maska istehsal edilib.