BAKI, 18 iyun - Sputnik. 2022-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 639,8 milyon manat təşkil edib.
Onun da 2 milyard 28,4 milyon manatı heyvandarlıq, 611,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 5,1 faiz artıb.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 220,1 min ton, süd istehsalı 1,9 faiz artaraq 890,9 min ton, yumurta istehsalı 3,0 faiz artaraq 824,8 milyon ədəd, barama istehsalı 2,9 dəfə artaraq 32,7 ton, yun istehsalı 2,2 faiz azalaraq 12,0 min ton olub.