ELM

Alimlər "Qara ölüm"ün Avropaya Mərkəzi Asiyadan gəldiyini müəyyən ediblər

Alimləri Qırğızıstanın Çuy vilayətində 1338-1339-cu illərə aid çox sayda qəbirlər maraqlandırıb və bəzi məzar daşlarında epidemiya xəstəliyindən bəhs edilib.
Sputnik
BAKI, 18 iyun — Sputnik. Böyük Britaniya, Almaniya, İtaliya, Qazaxıstan və Rusiyadan olan bir qrup alim müasir Qırğızıstan ərazisində yerləşən orta əsrlərə aid qəbirlərindən olan insanların qalıqlarının DNT-sini müəyyən edərək belə qənaətə gəliblər ki, "Qara ölüm" adlanan vəba epidemiyası XIV əsrdə məhz buradan Avropaya gəlib. Bu barədə "Nature" jurnalında dərc olunan məqalədə qeyd olunub.
Alimləri Qırğızıstanın Çuy vilayətində 1338-1339-cu illərə aid çox sayda qəbirlər maraqlandırıb və bəzi məzar daşlarında epidemiya xəstəliyindən bəhs edilib.
Bu ərazidə ilk dəfnlər hələ 1880-ci illərdə aşkar edilib. Oradan 30 nəfərin qalıqları Kunstkameraya (Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyi) aparılıb, oradan alimlər tədqiqat üçün nümunələr götürüblər.
Onlar Kara-Jiqaç və Burana kəndləri yaxınlığındakı qəbiristanlıqlarda çıxarılan 7 nəfərin DNT-sini ardıcıllıqla müəyyən edə biliblər. Nümunələrin keyfiyyəti dörd genom yaratmağa imkan verib. Onların üçündə vəba xəstəliyinin törədicisi olan vəba çubuğu (çöpü) (lat. Yersinia pestis) aşkar edilib və onun 1346-1353-cü illərdə Avropada vəba epidemiyasına səbəb olan ştamların bilavasitə əcdadı olduğu məlum olub.
Alimlərin fikrincə, vəba Qırğızıstanın müasir Çuy vilayətindən keçən ticarət yolları vasitəsilə yayılıb. Məqalədə onlar Tyan-Şan bölgəsində çox sayda təbii vəba çubuğunun olduğunu qeyd edirlər ki, bu da onların tədqiqatının xeyrinə başqa bir arqumentdir.
1346-1353-cü illərdə ən yüksək yoluxma zirvəsinə çatan "Qara ölüm" tarixdə ikinci vəba pandemiyası olub. Ehtimal olunur ki, "Qara Ölüm" o dövrdə Avropa əhalisinin yarısının həyatına son qoyub. Sonra XIV əsrdə daha bir neçə sıçrayış baş verib və bu vəbanın ştammları XIX əsrə qədər bütün dünyada yayılmağa davam edib.
"Qara Ölüm"ün mənbəyi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalıb. Ştammın mümkün yarana biləcəyi yerlər arasında Çin və Hindistanın adları çəkilib.