BAKI, 17 iyun — Sputnik. Rusiyanın VTB bankı Azərbaycana pul köçürmələrinə başlayıb, xidmət milli valyutalarda mövcuddur. Bu barədə bankın idarə heyətinin üzvü Svyatoslav Ostrovski XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində jurnalistlərə bildirib.
Onun Azərbaycanla yanaşı, digər qonşu ölkələrə - Belarus, Qazaxıstan və Ermənistana da pul köçürmələrinə başlanılıb.
"Rusiya banklarına tətbiq edilən məhdudiyyətlərdən sonra müştərilər xaricə pul köçürmələrinin adi üsullarının sayını xeyli azaldıblar. MDB ölkələrinə bu cür köçürmələrin bir çox istifadəçilərimiz üçün son dərəcə vacib olduğunu nəzərə alaraq, VTB qonşu ölkələrə - Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistana pul köçürmələrinə başlayıb. Xidmət milli valyutalarda bank rekvizitləri ilə təqdim olunur", - deyə top-menecer bildirib.
Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistana bank rekvizitləri üzrə transsərhəd köçürmənin maksimal məbləği Rusiya Mərkəzi Bankının tələblərinə uyğundur və ayda 150 min dollar (və ya digər xarici valyutada ekvivalenti), komissiya haqqı isə köçürmə məbləğinin 1%-ni təşkil edir.
Ostrovski onu da qeyd edib ki, köçürmələr həm fiziki, həm də hüquqi şəxslər üçün mümkündür.
Bu yaxınlarda məlum olub ki, VTB-nin törəmə şirkəti - VTB Azərbaycan Rusiyadakı müxbirləri ilə bütün maliyyə əməliyyatlarını Rusiya Bankının Maliyyə Mlumatlarını Ötürmə Sistemi (MMÖS) vasitəsilə həyata keçirməyi davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, MMÖS - Rusiya Mərkəzi Bankının maliyyə məlumatlarının ötürülməsi xidmətlərinin zəmanətli və fasiləsiz göstərilməsini təmin edən, informasiya-telekommunikasiya sistemi bazasında fəaliyyət göstərən banklararası maliyyə informasiya mübadiləsi və ödənişlərin həyata keçirilməsi sistemidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.