BAKI, 17 iyun — Sputnik. Rusiya hökumətinin Qərbin sanksiyalarına cavab olaraq milli valyutanın möhkəmlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər rublun dollar və avroya nisbətən xeyli möhkəmlənməsinə səbəb olub.
Rusiya valyutası son bir ayda Azərbaycan manatına nisbətdə də nəzərəçarpacaq dərəcədə bahalaşıb. İyunun 16-da 1 rublun məzənnəsi üç ay əvvəlki 0,0163 manata qarşı 0,0297 manat təşkil edib.
Bununla yanaşı, Rusiyanın özündə çox güclü rublun ölkə üçün sərfəli olmadığı qənaətindədirlər. Rusiya Federasiyasının iqtisadi inkişaf nazirliyinin rəhbəri Maksim Reşetnikovun sözlərinə görə, milli valyutanın həddən artıq möhkəm məzənnəsi heç kimə sərfəli deyil. İndiki səviyyədə bu, həm ixracatçılar, həm də idxalçılar üçün çətinliklər yaradır.
Rubl niyə belə kəskin bahalaşıb?
Rublun manata və digər valyutalara nisbətdə bahalaşması onu göstərir ki, Rusiya valyutası beynəlxalq maliyyədəki statusunu dəyişir. Rusiyalı iqtisadçı Vasili Koltaşovun fikrincə, bu status artır.
Bu, Rusiya iqtisadiyyatının daha çox müstəqil olması ilə əlaqədar baş verir.
"Qərbin sanksiyaları qlobal inflyasiya proseslərinin artmasına gətirib çıxarıb ki, bu da Rusiya iqtisadiyyatının xarici ticarət fəaliyyətindən əldə etdiyi gəlirləri artırıb, eyni zamanda kapitalın Qərbə daimi çıxarılması mexanizmi sıradan çıxıb", - deyə Koltaşov Sputnik Azərbaycan-a bildirib.
İqtisadçı hesab edir ki, bu gün rubldan bütün "rekvizitlər" silinib – ixracatçı şirkətlər artıq valyuta gəlirlərini satmağa ehtiyac duymurlar. Baxmayaraq ki, hər şey onların valyuta gəlirlərinin 80%-ni, sonra isə 50%-ni iki ay gecikmə ilə satmalı olduqlarından başlamışdı.
"Eyni zamanda, Rusiya Bankı əsas uçot dərəcəsini bir neçə addımla 20%-dən 9,5%-ə endirdi və çox güman ki, uçot dərəcəsi aşağı düşməkdə davam edəcək. Yəni açıq-aydın görünür ki, Rusiya Federasiyası daxilində qəbul edilən düzgün qərarlarlar, heç bir halda Qərbə tabe olmayıb yalnız irəli getməyə əsaslanan siyasi vəziyyət, Rusiya valyutasının mövqeyini gücləndirmək üçün edilib. Əslində rublun möhkəmlənməsi Qərb valyutalarının ucuzlaşmasının bir formasıdır", - deyə ekspert bildirib.
Rublun məzənnəsi manata necə təsir edir
Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, çox güman ki, manat rubla paralel olaraq möhkəmlənə bilməyəcək, baxmayaraq ki, rubl ucuzlaşarsa, Azərbaycan valyutasının zəifləməsini gözləmək olardı. Məsələn, Qazaxıstanda bu baş verdi. Belə ki, 2022-ci ilin fevralın sonu-martın əvvəllərində rublun ucuzlaşmasının təsiri ilə tenge xeyli dəyər itirmişdi.
"İndi təkcə postsovet məkanının valyuta məzənnələrinin qarşılıqlı asılılıqları deyil, həm də bu asılılıqların yeni sistemi açılır. Rublun möhkəmlənməsi Azərbaycan iqtisadiyyatı üçün yaxşı xəbərdir", - deyə Koltaşov bildirib.
İqtisadçının fikrincə, Azərbaycan Beynəlxalq Valyuta Fondunun (BVF) klassik modelini həyata keçirir. Bu halda Beynəlxalq Valyuta Fondunun (BVF) ehtiyat hesab etdiyi Qərb valyutaları ilə xarici ticarətə valyuta dəstəyi qurulur.
"Belə bir model ehtimal edir ki, rubl möhkəmlənəndə manat avtomatik olaraq möhkəmlənə bilməz, lakin rubl güclü şəkildə çökərsə, bu, Azərbaycan valyutasına zərbə vuracaq, çünki bu, kontinental Avrasiyada bir çox proseslərin sabitliyinin pozulması demək olardı.
Amma indi proseslər başqa istiqamətdə gedir və rublun Azərbaycan iqtisadiyyatı və investorlar üçün dəyəri artacaq. Nə qədər güclü olduğu bilinmir, lakin bu valyuta açıq şəkildə Aİ, ABŞ və ya İngiltərə valyutalarından daha yaxşı işləyir", - deyə iqtisadçı bildirib.
Güclü rubl Rusiyanın ixracına mane ola bilər
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, rubl möhkəmlənəndə Rusiyadan müəyyən malların idxalı o qədər də sərfəli olmur.
"Düzünü desəm, bu baxımdan rublun güclü olması Rusiyanın ixrac potensialına mane olur. Son vaxtlar bizim bazarda müşahidə olunan budur - Rusiyadan gələn mallar xeyli bahalaşıb".
Rubl möhkəmlənməkdə davam edərsə, bu, Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər.
"Azərbaycanda manatın məzənnəsi dollara nisbətdə tənzimləndiyi üçün bütün digər valyutaların məzənnələri bu valyutanın dollara nisbətdə necə satıldığına əsasən hesablanır. Manatın birjadan birbaşa asılılığı yoxdur. Dollar digər valyutalara, o cümlədən rubla nisbətdə necə dəyişirsə, manatın məzənnəsi də bu və ya digər valyutaya nisbətdə eləcə dəyişir", - deyə azərbaycanlı iqtisadçı bildirib.
Rublun məzənnəsi ticarətin strukturuna təsir etməyəcək
Rusiya Elmlər Akademiyasının iqtisadiyyat institutunun elmi işçisi Aleksandr Karavayev hesab edir ki, möhkəmlənmiş rubl Azərbaycan və Rusiyanın xarici ticarət dövriyyəsinin strukturlarına birbaşa heç bir həlledici təsir göstərməyəcək. Əsasən xammalın, karbohidrogenlərin, yanacaq-sürtkü materiallarının, ərzaq və taxılın dünya qiymətləri daha həlledici əhəmiyyət kəsb edir. Bu mövqelərin dəyəri isə birbaşa rublun məzənnəsindən asılı deyil.
İqtisadçı qeyd edib ki, məzənnənin özü deyil, Azərbaycan və Rusiyanın xarici iqtisadi fəaliyyət subyektlərinin iştirak etdiyi yeni layihələrin geniş spektrinin olması vacibdir.
"Azərbaycanın və Rusiyanın müxtəlif regionları arasında əlaqələr nə qədər genişlənərsə, iki ölkənin dövlət korporasiyalarına yönəlmiş yeni iri layihələr yaradılarsa, qarşılıqlı əlaqələrimiz bir o qədər möhkəmlənəcək, dövriyyə də artacaq", - deyə Sputnik Azərbaycan-ın eksperti bildirib.
Rusiya Federasiyasından ixraca gəlincə, rublun məzənnəsi nə qədər zəif olarsa, rus ixracatçıları üçün xaricə mal satmaq bir o qədər sərfəlidir - bu, bütün xarici iqtisadi fəaliyyət profilinə aiddir.
Rubldan imtina və MMÖS-nin tətbiqi
İxracatçı sabit valyuta (dollar, avro - red.) əldə edərək onu daha çox pula dəyişir, yəni xarici iqtisadi fəaliyyətin konkret subyektlərinin daha çox rublu var idi", - deyə Karavayev qeyd edib.
Rusiya-Azərbaycan ticarətinin rubl və manata keçməsi yeni ödəniş sistemlərinə keçidi və mövcud sistemlərin elə tənzimlənməsini nəzərdə tutur ki, ölkələr tıxanmış ödənişlərlə bağlı problemlərlə üzləşməsin.
"İndi hələ də ödənişlə bağlı bəzi problemlər var - müqavilələr dollarla ödənilirsə, sadəcə olaraq, dondurulur. Bundan başqa, Rusiya ilə Azərbaycan arasında fiziki şəxslər və kiçik sahibkarlar tərəfindən pul köçürmələri çətinləşib.
Bu məsələlər tənzimlənməli olacaq. Əslində, dollardan imtina Rusiya daxilində rublla işləyən sistemlərin genişlənməsinə gətirib çıxarmalıdır. Onlar "Mir" kartına və SWIFT-dən ayrılma ilə bağlı problemlərə mümkün cavab kimi düşünülmüş, dollardan asılı olmayan Rusiya Bankının Maliyyə Mesajlarının ötürülmə Sisteminə (MMÖS) qoşulub", - deyə müsahib Sputnik Azərbaycan-a bildirib.
Rusiya Bankı Maliyyə Mesajlarının ötürülməsi sistemi
Azərbaycan bankları tədricən MMÖS-nə keçir, lakin bu proses bütün iqtisadi fəaliyyətlərə şamil edilməlidir. İqtisadiyyatın turizm kimi sektorları rusiyalı turistlərin Azərbaycanda turizm və xidmət sektoruna girişinə məhdudiyyətlərdən əziyyət çəkir. Bu məhdudiyyətlər MİR kartının etibarlı olmaması ilə bağlıdır, - deyə Karavayev əlavə edib.
Dolların təsiri əks təsirin yaranmasına səbəb oldu
Azərbaycanlı iqtisadçı ekspert Emin Qəriblinin fikrincə, dolların digər ölkələrin iqtisadiyyatına təsirinin gücü əks təsirə səbəb olub. Nəticədə Rusiya ABŞ valyutasının öz iqtisadiyyatına təsirini azaltmaq üçün rıçaqlardan istifadə etməyə başlayıb.
Qəribli Sputnik Azərbaycan-a bildirib ki, bir çox ölkələr dollarla hesablaşmalardan uzaqlaşaraq barterə keçmək və ya hesablaşmalarda milli valyutalardan istifadə məsələsini gündəmə gətiriblər.
İqtisadçı hesab edir ki, rublun, bu gün müşahidə olunan belə güclü, əslində, Rusiya Federasiyası üçün də sərfəli deyil, çünki Rusiya valyutası iqtisadi artım və ya daha aktiv xarici ticarət hesabına möhkəmlənməyib.
"Rubl, Rusiya qiymətli kağızlar bazarında yaranmış gərginliyi yumşaltmaq üçün hökumətin proteksionist tədbirləri nəticəsində möhkəmlənib. Və bu gün iqtisadiyyat üçün təhlükə olan həddən artıq bahalı rubl məsələsi gündəmə gəlib. Ona görə də onun dəyəri getdikcə azalmağa başlayıb", - deyə Qəribli bildirib.
Manatın məzənnəsinə gəlincə, Azərbaycan da Rusiya kimi, dolların iqtisadiyyata təsirini azaltmaq üçün müəyyən rıçaqlardan istifadə edə bilərdi. Nəticədə manat möhkəmlənəcəkdi - lakin bu, çətin ki, sərfəli ola bilərdi, çünki milli valyutanın hazırkı məzənnəsi ölkə iqtisadiyyatı üçün optimaldır, - deyə iqtisadçı sözünü yekunlaşdırıb.