BAKI, 17 iyun — Sputnik. Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Ermənilər Parisdə "Qarabağa aparan yol" filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndirərək filmin çəkilişini və nümayişini təşkil etmiş "Ere TV" kanalına etirazlarını bildiriblər.
Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.
Qeyd edək ki, ötən gün Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı "Qarabağa gedən yol" adlı sənədli filminin təqdimatı keçirilib.
Erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə səfər etmiş ERE televiziya kanalının bir qrup jurnalisti şahidi olduqları erməni vandalizmini lentə alıblar. Jurnalistlər lentə aldıqları mənzərələrlə bağlı "Qarabağa gedən yol" adlı hazırladıqları sənədli filmin təqdimatın keçiriblər.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl ERE televiziya kanalının jurnalisti Şaban Kasi, Zeynab Amri və Şokri Amri Azərbaycanın azad edilmiş ərazilərinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Azərbaycandakı tolerantlıq mühiti, multikulturalizm, eləcə də Qarabağa səfərləri zamanı gördükləri erməni vandalizmini əks etdirən mənzərələr, Azərbaycan Ordusunun qələbəsindən sonra aparılan yenidənqurma işlərindən danışıblar.
Filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, birinci və ikinci Qarabağ müharibəsindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin, bütün infrastrukturun dağıdıldığı nümayiş olunub. Ağdamın "Qafqazın Hiroşima"sı adlandırıldığı qeyd edilərək, məsciddə heyvanlar saxlanıldığı göstərilib. AZƏRTAC-ın və AzTV-nin həlak olmuş jurnalistlərindən bəhs olunub.
Filmdə həmiçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətdən danışılan filmdə Zəfər Gününün Bakıda bayram edilməsi nümayiş olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda "Şuşa İli" elan edildiyi bildirilərək, Şuşa şəhərinin tarixi haqqında ətraflı məlumat verilib. Böyük strateji əhəmiyyətə malik olan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu bildirilib.
İyirmi səkkiz il erməni işğalı altında qalmış Şuşada Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış mədəniyyət mərkəzləri, məqbərə, tanınmış şəxsiyyətlərin abidələri göstərilib. Hələ 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışını, eləcə də erməni işğalı dövründə onun dağıdıldığını əks etdirən fraqmentlər təqdim olunub. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Bülbülün erməni silahlı qüvvələri tərəfindən güllələnmiş abidələri göstərilib.
Filmdə Azərbaycan Ordusunun Zəfərindən sonra Şuşada, eləcə də digər azad edilmiş Azərbaycan rayonlarında aparılan quruculuq işləri də nümayiş olunub. Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.