İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

İnflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanıb.
Əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır. 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınıb.
Proqnozlara görə, cari ilin sonuna cari hesablar balansında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir.
Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır. Əvvəlki toplantılarda Mərkəzi Bankın pul siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir.
Qiymətləndirmələrə görə, artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir.
Pul hesablanması, arxiv şəkli
Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Proqnozlara görə, inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.
Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək. Bu qərar 17 iyun 2022-ci ildən qüvvəyə minir.
Qeyd edək ki, pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il iyul ayının 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.