TƏHSİL

Diplomu tanınmayanların statistikası açıqlandı

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 743 müraciət üzrə yekun olaraq mənfi rəy verib.
Sputnik
BAKI, 17 iyun — Sputnik. 2021-2022-ci tədris ili üzrə diplomların tanınması ilə bağlı statistika açıqlanıb.
Təhsil Nazirliyindən məlumatda bildirilib ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində 3021 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edir. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.
Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib. Dəyişikliyə əsasən, şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.
Yəni, bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.
Beləliklə, yeni yanaşmaya uyğun olaraq bu günə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.